Bakıda Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin açılış mərasimi keçirilib

Bakıda Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin açılış mərasimi keçirilib
# 17 avqust 2012 08:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Dövlət Universitetində (BDU) Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yenidən qurulmasından sonra açılış mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov 2008-ci ilin dekabrın 17-də açılmış Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin Azərbaycan hökuməti ilə Cənubi Koreya hökumətinin dostluğunun bir rəmzi olduğunu deyib. Mərkəz haqqında məlumat verən rektor, 3 otaqdan ibarət olan Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzində seminar otağı, İKT üzrə treninq laboratoriyası və internet zalının fəaliyyət göstərdiyini vurğulayıb. A.Məhərrəmov qeyd edib ki, İKT üzrə treninq laboratoriyası 75 ədəd kompüter və iki genişekranlı proyektor ilə təchiz olunub. İnternet zalı isə öz növbəsində tələbələrin və tədqiqatla məşğul olan şəxslərin internet vasitəsilə lazımi məlumatlar əldə etmələri məqsədinə xidmət edir.

BDU-nun rektoru onu da bildirib ki, Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzində beynəlxalq konfranslar və seminarlar da keçirilir.

Öz növbəsində tədbirdə iştirak edən Koreyanın dövlət idarəçiliyi və təhlükəsizlik nazirinin müavini Seo Pil Eon iki ölkə arasında diplomatik əlaqələrin inkişaf etdiyini bildirib və qeyd edib ki, Mərkəzin yaradılması bu əlaqələri bir qədər də inkişaf etdirəcək. İKT sahəsində iki ölkənin sıx əməkdaşlığından danışan nazir müavini həmçinin bildirib ki, Koreya bundan sonra da Azərbaycanda İKT sahəsində kadr mübadiləsi davam etdirəcək, IT sahəsində məsləhətlərini əsirgəməyəcək.

Qeyd edək ki, Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yaradılması üçün Koreya tərəfindən 2008-ci ildə 250 min ABŞ dolları məbləğində qrant ayrılıb. Mərkəzin yenidən qurulması üçün və avadanlıqların yenilənməsi üçün Koreya daha 100 min dollar qrant təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR