Hidayət Orucov: “İslam dövlətimizin zəifləməsinə yox, güclənməsinə xidmət etməlidir”

Hidayət Orucov: “İslam dövlətimizin zəifləməsinə yox, güclənməsinə xidmət etməlidir”
# 29 fevral 2012 15:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Din sahəsində əsas vəzifələrdən biri dinin siyasiləşməsinə cəhd göstərən dairələrin gəncləri təsirləri altına salmasının və onların enerjisindən öz məqsədləri üçün istifadə etməsinin qarşısının alınmasıdır”. APA-nın məlumatına görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.

O bildirib ki, Azərbaycan cəmiyyətinin dini bilikləri kifayət qədər deyil: “Bunun nəticəsidir ki, hələ də xurafatçılıq meylləri, dindən şəxsi və qrup maraqları üçün istifadə cəhdləri var. Dinin saflığının qorunması və siyasi məqsədlərin alətinə çevrilməməsi üçün maarifləndirmə işinin aparılmasının müsbət yönlərindən biri də budur ki, zərərli tendensiyalar, məkrli niyyətlər barədə ictimaiyyətin müntəzəm məlumatlandırılması onlarla mübarizədə ictimai qınağın rolunun artmasına, inzibati üsulların yükünün azalmasına səbəb olur. Beləliklə, qanuna riayət olunması məcburiyyət deyil, daxili tələbat zəminində reallaşır”.

Onun sözlərinə görə, dini həyat tərzinə üstünlük verən gənclərin dünyagörüşünün vətənpərvərlik ruhunda formalaşması böyük önəm daşıyır: “Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş milli qəhrəmanlarımız öz həyatı bahasına misilsiz vətənpərvərlik nümunələri yaradıblar. Belə dəyərli vətən övladlarının xatirəsinin əziz tutulması və gənc nəslə örnək kimi təbliğ edilməsi mühüm əhəmiyyət daşıyır. Lakin ortada başqa xoşagəlməz nümunələr də var: özünü inanclı sayan, amma ölkəmizin maraqlarına zərbə vuran “sapı özümüzdən olan baltalar”.

H. Orucov Azərbaycan xalqının müsbət və bəzi xoşagəlməz adətləri barədə də danışıb: “Müsbət adətlərimiz çoxdur: valideynlərə, böyüklərə hörmət, qohumlara, qonşulara xoş münasibət, tolerantlıq, qonaqpərvərlik, vətənpərvərlik, kasıblara əl tutmaq və s. ənənələr milli şüurumuzda insanpərvərliyə verilən yüksək dəyərdən xəbər verir. Xoşagəlməz adətlərə də təsadüf olunur: məsələn, toy və yas mərasimlərində ifratçılıqla müşayiət olunan təmtəraqlı məclislərin keçirilməsinin adətə çevrilməsi”.

Komitə sədri bildirib ki, İslam Azərbaycan xalqının milli ideologiyası deyil, amma milli ideologiyamızın ayrılmaz tərkib hissəsidir: “Bu baxımdan İslam dövlətimizin zəifləməsinə yox, güclənməsinə xidmət etməlidir”.

O deyib ki, din pərdəsi altında zərərli meyllərin, radikal, ekstremist ideyaların təbliğinin qarşısı alınmalı, xarici ölkələrin Azərbaycandakı dini duruma müdaxiləsi tamamilə aradan qaldırılmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR