TQDK sədri: “Xəstəliyə görə buraxılış imtahanlarından azad olunan şagirdlərin siyahısına gələn ildən ciddi nəzarət ediləcək”

TQDK sədri: “Xəstəliyə görə buraxılış imtahanlarından azad olunan şagirdlərin siyahısına gələn ildən ciddi nəzarət ediləcək”
# 01 iyun 2012 09:44 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

TQDK sədri bildirib ki, xəstəliyinə görə buraxılış imtahanlarından azad edilən şagirdlərin çoxluğu narahatlıq yaradır: “Mən istəməzdim bizim bu qədər xəstə uşağımız olsun. Gələcəkdə səhhəti ilə əlaqədar buraxılış imtahanlarından azad edilən şagirdlərin siyahısının formalaşmasına ciddi nəzarət ediləcək”.

TQDK sədri deyib ki, bəzən xəstəliyinə görə imtahandan azad edilən və ya hərbi xidmətdən möhlət alan şagirdlər və abituriyentlər İdman Akademiyasına sənəd verirlər: “Abituriyentlərin 18 yaşı tamam olubsa, o, həqiqi hərbi xidmətdən möhlət hüququ almalıdır. Amma tez-tez belə hal müşahidə olunur ki, abituriyent möhlət hüququnu xəstəliyə görə aldığı halda, İdman Akademiyasına qəbul olmaq üçün keçirilən seçmə turlarda iştirak etmək istəyir. İnsan ya xəstə, ya da sağlam olmalıdır. 10-15 gün ərzində heç kim sağala bilməz. Uşaqlar yalnız Səhiyyə Nazirliyinin təsdiqlədiyi ciddi xəstəliklər əsasında imtahanlardan azad edilə bilərlər. İmtahandan azad edilməyə imkan verən xəstəlikləri heç düşmənlərimizə də arzu etməzdim”.

M. Abbaszadə deyib ki, TQDK bu gün buraxılış imtahanlarından, eləcə də Bakıda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahandan azad edilən 540 şagirdin diaqnozunu yoxlaya bilməz: “Amma 540 nəfərdən kimsə Azərbaycan Tibb Universitetinə qəbul olunsa, yalan üzə çıxacaq. Çünki xəstə olan insan Tibb Universitetində və ya Polis Akademiyasında oxuya bilməz. Bunun üçün onlardan sağlamlıq haqqında arayış tələb olunur. Buraxılış imtahanları ilə əlaqədar müvəqqəti qaydaların hazırlanması barədə sərəncamda əsas qaydaların 2 ay ərzində hazırlanması tapşırılıb. Bu qaydalar hazırlanarkən TQDK bu məsələ ilə bağlı da Nazirlər Kabinetinə öz təklifini verəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR