“Nabucco” qaz kəmərinin gücünün və uzunluğunun azaldılması təklif olunur

“Nabucco” qaz kəmərinin gücünün və uzunluğunun azaldılması təklif olunur
# 20 fevral 2012 10:52 (UTC +04:00)
APA-Economics”in “The Wall Street Journal”a istinadən xəbərinə görə, kəmərin yalnız Avstriya və Bolqarıstandan keçməsi, gücünün isə iki dəfə azaldılması təklif olunur. Buna səbəb kəmərin qazla təchizatında yaranmış problemlərdir.

Xəbər hələlik rəsmi təsdiqini tapmayıb. Bununla belə, “The Wall Street Journal” konsorsiumun ilkin layihədən imtina etmədiyini də qeyd edib.

Qeyd edək ki, “Nabucco” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2012-ci ildə başlanacaq “Nabucco” qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 900 km olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR