Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb

Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb
# 23 aprel 2012 10:24 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunda 3 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Şəhər Polis Şöbəsinin (ŞPŞ) müstəntiqi Murad Rzayevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə aprelin 22-də axşam saatlarında Lənkəran-Lerik şose yolunun ikinci kilometrliyində - rayonun Darquba kəndi ərazisində qeydə alınıb. Lənkəran rayon sakini Telman Müqabil oğlu Rzayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn rayon sakini Malik Baladadaş oğlu Hüseynovun idarə etdiyi “VAZ-21011” markalı avtomaşınla toqquşub. Zərbənin təsirindən “VAZ-2107” markalı avtomobil onun arxasınca gələn Lənkəran rayon sakini Samir Sadıq oğlu Abdullayevin idarə etdiyi eyni markalı avtomobilə çırpılıb. Nəticədə avtomaşınlardan biri şose yolunun kənarına aşaraq, yaxınlıqdakı mağazanın divarını zədələyib. Qəza zamanı hər üç sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. MRX-dən APA-nın yerli bürosuna verilən məlumata görə, müvafiq tibbi yardımdan sonra yaralılardan biri ambulator müalicəyə buraxılıb, digər iki nəfər isə travmatologiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti hazırda stabil qiymətləndirilir.
İlkin versiya kimi qəzanın avtomobillərin yüksək sürətlə idarə edilməsi və dönmə əməliyyatının düzgün yerinə yetirilməməsi səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR