Azərbaycanın aqrar sektorunda Təminat Fondu yaradılır

Azərbaycanın aqrar sektorunda Təminat Fondu yaradılır
# 01 mart 2012 12:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün Kənd təsərrüfatı kreditlərinin Təminatı Fondu mexanizminin strukturu və konsepsiyası hazırlanıb.

«APA-Economics»in məlumatına görə, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) bununla bağlı bu gün keçirdiyi tədbirdə AMFA-nın İdarə Heyətiin üzvü Cəlal Əliyev bildirib ki, layihənin sığortalanma komponenti kreditləşmənin və maliyyə axınının stimullaşdırılması və digər bazar iştirakçılarının bu mexanizmə cəlb edilməsi ilə kənd təsərrüfatı sektorunun inkişafına və eyni zamanda səmərəliliyinin artırılmasına müsbət təkan verəcək.

Böyük Britaniyanın «OXFAM» təşkilatının Azərbaycan üzrə sədri xanım Şövkət Əlizadə isə regionlarda aparıcı qüvvə olan kiçik fermerlərin maddi vəziyyətinin artırılması və eyni zamanda bu sektorun inkişafı üçün Təminat Fondunun yaradılmasının qaçılmaz olduğunu bildirib.

Tədbirdə Təminat Fondunun yaradılması ilə bağlı konsepsiya, fondun əsasnaməsi, Müşahidə Şurasının fəaliyyəti ilə bağlı qaydalar toplusu və vəsaitlərin istifadəsi qaydaları təqdim edilib.

Qeyd edilib ki, fondun əsas funksiyalarından biri fermerin kənd təsərrüfatı kreditlərinə əlyetərliliyini artırmaqla kreditin məbləğinin 80%-nə zəmanətin verilməsindən ibarətdir. Kredit qaytarılmayacağı halda isə Fond zəmanət verdiyi hissəni 10 gün ərzində kredit təşkilatının hesabına keçirir, 90 gün ərzində kredit məbləğinin qaytarılmasına nail olunmadıqda borc alanın girov əmlakını və vəsaitini öz sərəncamına keçirir və onun satışını təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR