Təhsil naziri: "Yaxın 5 ildə Azərbaycanda şagirdlərin sayı 30% artacaq"

Təhsil naziri: "Yaxın 5 ildə Azərbaycanda şagirdlərin sayı 30% artacaq"
# 05 may 2016 09:56 (UTC +04:00)

2016-cı ildə I sinfə gedəcək şagirdlərin sayının 165 mindən çox olacağı proqnozlaşdırılır

Bakı. Könül Kamilqızı- APA. Azərbaycanda yüksək demoqrafik vəziyyət nəticəsində son illər I sinfə gələn şagirdlərin sayında əhəmiyyətli artım müşahidə olunur. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib ki, 2013-cü ildə I sinif şagirdlərin sayı 138 min olmuşdusa , 2014-cü ildə bu göstərici 152 min, 2015-ci ildə 157 mindən çox olub. Onun sözlərinə görə, 2016-cı ildə I sinfə gedəcək şagirdlərin sayının 165 mindən çox olacağı proqnozlaşdırılır: “Bütövlükdə qarşıdakı 5 ildə ölkə məktəblərində təhsil alan şagirdlərin sayı 30% artacaq. Bu isə öz növbəsində təhsilin dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün yeni yanaşmaların tətbiqini zəruri edir. Ümumi təhsilin müəyyən mərhələsində şagirdlərin təhsildəki göstəricilərinə görə müxtəlif kateqoriiyalara ayrılmasını tələb edir. Bu baxımdan ilk peşə ixtisas təhsilinin əhəmiyyəti daha da artır. Bir sıra beynəlxalq və yerli təşkilatlarla memorandumlar imzalanıb, birgə əməkdaşlıq çərçivəsində biznes qurumları ilə tərəfdaşlıq əlaqələrinin genişləndiriləsi, məzunların işlə təminatına dəstəyin verilməsi, kurikulumların hazırlanması işlərinə başlanıb. Bununla yanaşı Təhsil Nazirliyi peşə təhsil sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, əmək bazarında çevik və adekvat təklif verməyə qadir olan ilk peşə-ixtisas təhsil proqramlarının işlənib hazırlanması məqsədilə yeni qurumun yaradılması barədə çıxış edib. Bu günlərdə dövlət başçısı Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Yeni qurum ölkədə ilk peşə-ixtisas təhsili sahəsində yeni idarəetmə modelinin hazırlanmasına, peşə hazırlığının səmərəliliyin artırılmasına, rəqabət qabiliyyətli yüksək ixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verəcək, bu sahədə əsaslı dönüşə imkan yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR