DGK sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

DGK sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
# 24 iyun 2016 12:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzainin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, DGK sədri Aydın Əliyev BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıqdan, əlaqələrin gələcək perspektivlərindən bəhs edib.

Komitə sədri 1999-cu ildən icrasına başlanılan BMT İP və Azərbaycan hökuməti arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması" layihəsinin uğurla davam etdiyini məmnunluqla xatırlayıb, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.

Birgə gerçəkləşdirilən layihələrin bütövlükdə BMT İnkişaf Proqramının komitəyə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən A. Əliyev bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib, eləcə də son dövrlər gömrük sistemində aparılan islahatlar barəsində qonaqlara ətraflı məlumat verib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Q. İshaqzai rəhbərlik etdiyi qurumun gömrük orqanları ilə əlaqəli fəaliyyətindən söhbət açıb, mövcud olan sıx və səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə edib.

Görüşdə, kadr potensialının gücləndirilməsi istiqamətində BMT İnkişaf Proqramı ilə Azərbaycan Gömrük Xidməti arasında əlaqələrin gələcək perspektivlərindən bəhs edilib, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar DGK-də "Hədəf" Mərkəzinə baxış keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR