Moskva. Fərid Əkbərov - APA. Rusiyada azərbaycanlı kriminal avtoritet yaxalanıb.
APA-nın Rusiya bürosunun məlumatına görə, azərbaycanlı kriminal avtoritet İlham Osmanov martın 3-də saxlanılıb.
Rusiya Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzə Baş İdarəsinin yaydığı məlumatda azərbaycanlı kriminal avtoritetin dələduzluq yolu ilə 11 milyon rus rublunu mənimsədiyi bildirilir.
Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, fevralın 13-də Çelyabinsk şəhərində yerləşən “Engels” kafesində üç nəfər şəxs iş adamından 11,2 milyon rubl pul və “Volksfagen” markalı avtomobilinin sənədlərini güc tətbiq edərək hədə-qorxu ilə tələb edib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü bir yerli sakin və 1978-ci il təvəllüdlü İlham Osmanov saxlanılıb. Əməliyyat zamanı onların üzərindən səsboğucusu olan tapança, 5 ədəd patron götürülüb. Cinayəti törətməkdə şübhəli bilinən üçüncü şəxsin axtarışları isə davam etdirilir.
Rusiya mətbuatının yazdığına görə, 37 yaşlı İlham Osmanov Cənubi Ural regionunda əsas kriminal avtoritet kimi tanınır.