"Yol" filmi beynəlxalq film festivalının baş mükafatına layiq görülüb

 "Yol" filmi beynəlxalq film festivalının baş mükafatına layiq görülüb
# 02 mart 2015 08:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Rejissor Fehruz Şamıyevin quruluş verdiyi “Yol” filmi İranda keçirilən IX “Ruyesh” Beynəlxalq Qısametrajlı Film Festivalının baş mükafatına layiq görülüb. F. Şamıyevin APA-ya verdiyi məlumata görə, “Doğulduğun yerdə ölməli...” sloqanı ilə təqdim edilən “Yol” Elçin Hüseynbəylinin “Gözlərimə gün düşür” hekayəsinin motivləri əsasında çəkilib. “Cinema” Mərkəzi və “Öz film”də istehsal olunan filmin çəkilişləri Bakı, Şamaxı, Ağsuda aparılıb. Ekran işi Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsinin qalib layihələrindən biridir.

F. Şamıyev bildirib ki, “Yol” filminin festivalda nümayişi fevralın 26-da Xocalı soyqırımının 23-cü ildönümü günündə baş tutub: “Filmdə baş qəhrəmanlarından biri Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professordur. Onun ölüm ayağında hər şeyi gözə alıb doğulduğu kəndə getmək istəməsi və bunu gerçəkləşdirməsi hər bir azərbaycanlı üçün çox mühüm mesajdır. Bunu mükafatı alan zaman çıxışımda da söylədim, indi də deyirəm. Filmə verilən bu mükafatı Xocalı soyqırımında amansızlıqla qətlə yetirilən 613 həmvətənimiz, xüsusən də 106 qadın, 63 uşağın adına qəbul etdim”.

Qeyd edək ki, filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, redaktorları Aygün Aslanlı və Tünzalə Babayeva, operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənli, bəstəkarı Firudin Allahverdidir. Filmdə baş rolları Qabil Quliyev, Rauf Şahsuvarov canlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR