Urmiya şəhərinin imam-cüməsi: “İŞİD İslamın simasını korlamağa çalışır”

Urmiya şəhərinin imam-cüməsi: “İŞİD İslamın simasını korlamağa çalışır”
# 27 noyabr 2014 07:12 (UTC +04:00)

Urmiya. Məlahət Nəcəfova - APA. "Ümid edirik ki, həm sizin ölkədə, həm də digər müsəlman ölkələrində olan işğalçılıqlar müsəlmanların birliyi ilə tezliklə öz həllini tapacaq”.

APA-nın xəbərinə görə, bunu İranın ali dini liderinin Qərbi Azərbaycan vilayəti üzrə nümayəndəsi və Urmiya şəhərinin imam-cüməsi Seyid Mehdi Qüreyşi azərbaycanlı jurnalistlərlə açıqlamasında deyib.

O, bütün bu kimi hadisələrin müsəlmanlar arasında birliyin olmaması səbəbindən baş verdiyini deyib: "Əgər müsəlmanlar arasında birlik olsa, heç kəsin cəsarəti çatmaz ki, belə bir iş görsün. Biz müsəlmanlar arasında ayrılıq yaradıblar. Əgər dünyada müsəlmanlar arasında birlik olsa, onda kimsə məscidlərə, insanların evinə, abidələrə hörmətsizlik etməyə, İraq, Əfqanıstan, Suriya, Myanma və digər müsəlman ölkələrində belə hadisələr törətməyə cəsarət etməz. Biz bir olsaq, qeyri-müsəlmanlar bizim məmləkətlərə gəlib müsəlmanlar arasında sülh yaratmağa iddiaçı olmazlar. Bizim əlaqələrimiz güclü olsa, dünyanın hər bir yerində bir müsəlmanı incitsələr, buna müsəlmanlar etiraz edərlər. Müsəlmanların düşmənləri məlumdur və bunlar hamısı bir-biri ilə əlbirdir. İslam deyir ki, bu müsəlmanların problemidir".

Seyid Mehdi Qüreyşinin sözlərinə görə, dünyada baş verən son proseslər müsəlmanların bir-birinə daha yaxın olmasını labüd edir: "Hazırda görürük ki, Avropa ölkələri öz aralarındakı sərhədi götürür, vahid valyutadan istifadə edirlər. Müsəlmanlar da birləşməlidirlər ki, düşmənin qarşısında dayana bilsinlər. Təəssüflər olsun ki, yollarını azmış yeni cərəyanlar tapılıb. Biz bunların qarşısında durmaq və dünya ictimaiyyətinə İslamın məhəbbət, səmimiyyət, sülhsevər bir din olduğunu göstərmək üçün birləşməliyik. İslam qan tökən bir din deyil. Hazırda İslam adı altında "İslam Dövləti" yaradıblar, baş kəsirlər, uşaqları, qadınları öldürürlər. Onlar İslamın simasını korlamağa çalışırlar".

İmam-cümə bildirib ki, Azərbaycan və İran müsəlman ölkələrdir, iki ölkə arasında mədəniyyət, dini baxımdan bağlılıqlar və oxşarlıqlar həddindən artıq çoxdur: "Məzhəb baxımından da hər iki ölkədə əksəriyyət şiədir və əsas odur ki, hər ikisi müsəlmandır. Hər iki ölkə sülh, səmimiyyət və dostluq atmosferində qonşuluq edir. Qonşu olduqları üçün əlaqələrini daha da inkişaf etdirməlidirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR