Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində” adlı konfrans keçirilib

Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində” adlı konfrans keçirilib
# 06 may 2016 15:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Dövlət İdarəçilik Akademiyasında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində” adlı konfrans keçirilib.

APA-nın xəbərinə görə, Dövlət İdarəçilik Akademiyası və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Dövlət Komissiyasının üzvləri, millət vəkilləri və başqa şəxslər iştirak ediblər. Akademiyanın rektoru Urxan Ələkbərov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın iqtisadi inkişafına mənfi təsir göstərir.

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən əsir və girov götürülən Azərbaycan vətəndaşları ilə qeyri-insani rəftar edilib: “Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında beynəlxalq konvensiyalara uyğun olaraq əsir və girovlar üçün düşərgələr yaradılmayıb. Əksinə onlar ağır cinayət törətmiş şəxslərlə bir yerdə saxlanılıb”.

Komissiyanın üzvü, millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bu mübarizədə Azərbaycan gəncliyinə müraciət edib, onları aktiv olmağa səsləyib: “Dağlıq Qarabağ münaqişəsində müsəlman-xristian amilini unutmaq olmaz, bu amil də öz rolunu oynayır”.

Millət vəkili əlavə edib ki, aprelin əvvəllərində Azərbaycan Ordusu düşmənə layiqli cavab verib, düşmənə öz gücünü göstərib.

Komissiyanın üzvü, millət vəkili Çingiz Qənizadə qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın Xocalıda törətdiyi soyqırımı cinayətini qınamalıdır: “Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir. Lakin bütün baş verənlərə baxmayaraq Ermənistanın baş sığallanır”.

Komissiyanın üzvü, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan dövlətinə böyük miqdarda zərər dəyib.

Tədbirdə çıxış edən Dövlət Komissiyasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi keçmiş Sovet rəhbərliyinin Azərbaycana yaratdığı ən ağır problemdir: “20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona turist kimi səfər edirlər, onların fəaliyyəti heç bir nəticə vermir. Bütün bunlara baxmayaraq, mən şübhə etmirəm ki, Azərbaycan əraziləri işğaldan azad ediləcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR