Ramil Usubov İsrail səfirini qəbul edib

Ramil Usubov İsrail səfirini qəbul edib
# 05 iyul 2016 14:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyulun 5-də İsrailin Azərbaycandakı səfiri Don Stavı qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Usubov iki xalq arasında əlaqələrin dərin qatlara və qədim tarixə malik olduğunu, dünyada multikultural dəyərlərin hökm sürdüyü ölkə kimi tanınan Azərbaycanda müxtəlif millətlərin, o cümlədən yəhudilərin əsrlər boyu tolerant mühitdə, dostluq və mehribanlıq şəraitində yaşadıqlarını bildirib. Nazir İsrailin aidiyyəti strukturları ilə işgüzar əlaqələrə malik olduqlarını nəzərə çatdırıb, o cümlədən Daxili İşlər nazirlikləri səviyyəsində bu əlaqələrin genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının hökuməti ilə İsrail hökuməti arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlıq haqqında Saziş" layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğunu deyib.

Səfir isə öz növbəsində bir neçə gün əvvəl qeyd olunan Azərbaycan Polisi Günü və Ramazan bayramı münasibətilə naziri təbrik edib. O, ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasında, ölkə vətəndaşları ilə bərabər əcnəbilərin də təhlükəsizliyinin təmini istiqamətində daxili işlər orqanları əməkdaşlarının böyük əmək sərf etdiklərini, bu gün Azərbaycanın ən təhlükəsiz dövlətlərindən biri olduğunu vurğulayıb. D. Stav ölkədə diplomatik fəaliyyəti müddətində iki dövlətin müvafiq strukturları arasında əməkdaşlığın daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR