BANM-də “Formula-1” yarışları haqqında təqdimat keçirilib

BANM-də “Formula-1” yarışları haqqında təqdimat keçirilib
# 13 may 2016 10:08 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) Bilik Fondu və "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ali Məktəbin tələbələri üçün Azərbaycanda keçiriləcək "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında "Formula-1" yarışları haqqında təqdimat keçirilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Azərbaycanın son illərdə bir sıra mötəbər yarış və müsabiqələrə uğurla ev sahibliyi etməsindən danışıb.

Bilik Fondunun Beynəlxalq Layihələr sektorunun müdiri Riyad Məmmədzadə, Perspektiv inkişaf və layihələrin monitorinqi qrupunun aparıcı məsləhətçisi Almaz Axundova və “Formula-1” yarışlarının Bakı Fan Klubunun rəhbəri, f-1.az saytının qurucusu Rəhim Əliyev iştirak ediblər. Rəhim Əliyev Azərbaycanda “Bakı Avropa Qran Prisi” (Formula 1, Grand Prix of Europe) adı altında keçiriləcək “Formula 1” yarışları haqqında ətraflı məlumat verib. O, 21 ölkənin ev sahibliyi etdiyi yarışlar içərisində sayca 8-ci Qran Pri olan Bakı Avropa Qran Prisinin unikallığı ilə seçiləcəyini deyib: “Yarış boyu avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək və paytaxtımızın qədim incisi olan İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edərək, televiziya izləyiciləri üçün gözəl mənzərə açacaq. “Formula 1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı var”.

Sonra “Bakı Avropa Qran Prisi” (Formula-1) yarışları haqqında videoçarxlar nümayiş edilib, Rəhim Əliyev tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, 17-19 iyun tarixlərində Azərbaycan "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) yarışlarına ev sahibliyi edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR