Akademik Milli Dram Teatrının kollektivi Xaçmazda çıxış edib

Akademik Milli Dram Teatrının kollektivi Xaçmazda çıxış edib
# 17 may 2016 07:40 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Xaçmazda qastrol səfərində olub.

APA-nın yerli bürosunun məlumatına görə, teatrın kollektivi Xaçmaz tamaşaçıları qarşısında “Xəcalət” tamaşası ilə çıxış edib. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən “Xəcalət” tamaşasının quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir.

İki hissəli müasir dram olan səhnə əsərində rolları xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Mətanət Atakişiyeva, xalq artisti Ramiz Novruz, əməkdar artistlər Əlvida Cəfərov və Məzahir Cəlilov, aktrisa Xədicə Novruzlu ifa edib.

Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib. Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR