Beynəlxalq Tərcüməçilər Federasiyasının prezidenti Tərcümə Mərkəzində olub

Beynəlxalq Tərcüməçilər Federasiyasının prezidenti Tərcümə Mərkəzində olub
# 01 aprel 2015 07:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Beynəlxalq Tərcüməçilər Federasiyasının prezidenti Henri Liu, vitse-prezidenti Reyner Hard və qurumun katibi Sabine Colombe Tərcümə Mərkəzində olublar.

APA-nın məlumatına görə, görüşdə mərkəzin direktoru Afaq Məsud qurumun fəaliyyəti barədə qonaqlara məlumat verib və bildirib ki, Tərcümə Mərkəzinə verilən yüksək status prezident İlham Əliyevin dil və tərcümə işinə yüksək qiymətinin təzahürüdür: “Mərkəz bu statusla artıq 6 aydır fəaliyyət göstərir və bu müddətdə “Tərcümə Mərkəzinin kitabları” seriyasından 9 kitab işıq üzü görüb, həftəlik “Aydın yol” qəzeti, rüblük “Xəzər” dünya ədəbiyyatı jurnalı nəşr olunub. Mərkəzin vebsaytı 8 dildə yayımlanır. Ölkə üzrə ən böyük tərcümə müsabiqəsi olan “Də(f)inə yarpağı” müsabiqəsini keçirmişik. Yaxın günlərdə “açıqkitab.az” adlı elektron kitabxanamız oxucuların ixtiyarına veriləcək. Biz həm də ölkə universitetlərində Azərbaycan dilinə tərcümə edilməsi vacib bilinən yüzlərlə dərsliyin kataloqunu tərtib etmişik. Bu siyahını TQDK ilə birgə müzakirə edib, həmin dərsliklərin tərcüməsinin həyata keçirmək niyyətindəyik. Mərkəzin nəşr etdiyi ədəbiyyatların kataloqu mütəmadi olaraq 5 dildə çap edilir. Bu altı ay ərzində Mərkəz Dünyanın ən aparıcı kitab sərgilərində iştirak edib. Yaxın günlərdə London Beynəlxalq Kitab sərgisinə getməyə hazırlaşırıq”.

Henri Liu bildirib ki, Tərcümə Mərkəzi altı ay ərzində ciddi işlər görüb: “Təqdirəlayiq haldır ki, siz tərcümənin tədrisi məsələsindən başlayaraq, tərcüməçiliyin peşəkarlıq problemlərini əhatə edən geniş fəaliyyətlə məşğulsunuz. Tərcüməyə baza səviyyəsindən – yəni təhsildən başlamağınız olduqca uğurlu addımdır. Gəncləri tərcümə işinə yönləndirmək, bu sahənin situmuşdırılmasında ciddi hadisədir. Çox istərdik ki, sizin mərkəz Beynəlxalq Tərcüməçilər Federasiyasının 2017-ci ildə Avstrаliyada keçiriləcək növbəti konqresinə də qatılsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR