Sahibkarlarla qarşı cinayət törətməkdə təqsirləndirilən MTN-in şöbə rəisinin məhkəməsi davam edib

Sahibkarlarla qarşı cinayət törətməkdə təqsirləndirilən MTN-in şöbə rəisinin məhkəməsi davam edib
# 09 fevral 2017 15:01 (UTC +04:00)

Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə iş adamı Hüseyn Səfərova qarşı edilən qanun pozuntuları ilə bağlı şahidlər dindirilib. Şahid qismində ifadə verən Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi Təcrübə Tədrisi Birliyinin ekspertiza şöbəsinin rəisi Ziyafəddin Məmmədov Hüseyn Səfərovu 2008-ci ildə MTN-in istintaq təcridxanasında saxlanıldığı zaman müayinə etdiyini, xəstə olması ilə bağlı ekspertiza rəyi verdiyini, həmin ekspertiza rəyini təsdiqlədiyini deyib. Bildirib ki, həmin rəyi verən zaman ona hər hansı təzyiq və tapşırıq olmayıb.


Daha sonra şahid qismində ifadə verən Vurğun Muradov bildirib ki, Bakı şəhəri Endokrinaloji dispanserində həkim işləyib. Onun sözlərinə görə, Hüseyn Səfərovu 8-9 il əvvəl müayinə edib: “Həmin vaxt onun şəkəri yüksək idi, boyun nahiyəsində damarında çapıq aşkar edilmişdi. Buna görə də Hüseyn Səfərovun daim müayinə olunmasına ehtiyac olması barədə rəy vermişdik”.

Vüsal Ələkbərov ekspertiza həkimlərinin ifadəsinə münasibət bildirib: “Məhkəmə tibbi ekspertizasının rəyində göstərildi ki, Hüseyn Səfərovun şəkərinin dərəcəsi yüksəkdir, hətta 500-dən çox idi. Belə vəziyyətdə o, MTN təcridxanasında şoka düşə bilərdi, həyatı üçün təhlükə var idi. Buna görə də onun həbsdən azad edilməsinə barədə qərar qəbul etdik”.

Daha sonra zərərçəkmiş şəxs qismində tanınan iş adamı Elşən Mədətova qarşı edilən cinayətlərlə bağlı şahidlər dindirilib. Şahid qismində Elşən Mədətovun tələbə yoldaşı Qaçay Əzizov ifadə verib. O bildirib ki, 2008-ci ildə Elşən Mədətovun MTN tərəfindən sıxışdırılması, ondan külli miqdarda pul tələb edilməsini eşidib: “Bütün bunları mənə Elşənin özü deyib. Ona maddi cəhətdən köməklik etməyimi də istədi. Mən də özümdə olan 45 min manatı, tanışım İlkindən aldığım 20 min manatı da götürərək, ona verdim. Sonradan eşitdim ki, Elşən həmin pulu həbs edilməməsi üçün MTN-in vəzifəli şəxslərinə verib”.

Daha sonra şahid qismində ifadə verən Nəsrəddin Sultanov bildirib ki, Vüsal Ələkbərov ondan da həbs edilməməsi üçün 50 min manat tələb edib. O, Vüsal Ələkbərova pul vermədiyini açıqlayıb: “Vüsal Ələkbərov, banka qızımın və yoldaşımın adına qoyduğum pulları haradan aldığımı soruşurdu. Mən də MTN-in rəhbərliyinə ərizə ilə müraciət etdim. Bundan sonra məndən əl çəkdi”.

Proses fevralın 16-da davam edəcək.


Qeyd edək ki, V. Ələkbərov bir müddət əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin bir sıra maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR