Ağcabədidə 18 km uzunluğunda yol yenidən qurulur

Ağcabədidə 18 km uzunluğunda yol yenidən qurulur
# 08 fevral 2018 06:42 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yerli əhəmiyyətli yolların yenidən qurulması layihələri çərçivəsində Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 18 km olan yol respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Məhz buna görə, yolun əsaslı şəkildə bərpası boyu 3 yaşayış məntəqəsində yaşayan 8 min əhalinin sevincinə səbəb olub.

Layihəyə uyğun olaraq yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Bu işlər çərçivəsində yolun 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kvadratmetr sahəsinə 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi, zəruri yol nişanları, təhlükəsizlik dirəklərinin quraşdırılması və xətlənməsi ilə müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulub.

Hazırda isə yol yatağının genişləndirilməsi ilə tikintisi, texnoloji ardıcıllığa uyğun olaraq isə yol əsasının salınması işləri aparılır. Bu üzdən əraziyə lazımi miqdarda xüsusi çınqıl materialı, həmçinin optimal-qırmadaş qarışığı daşınır. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün 36 ədəd müxtəlif diametrli dəmir-beton boruların tikintisi işləri də görülür. Yaxın günlərdə isə 1 nöqtədə zəruri olan 16 metr uzunluğunda suötürücü keçidin inşası işlərinə də start veriləcək.

Yenidən qurulan yol həmin ərazidə yaşayan vətəndaşlara respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yollarına çıxış əldə etməyə şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR