Qüdrət Həsənquliyev Azərbaycan parlamentini Gürcüstana etiraz etməyə çağırıb

Qüdrət Həsənquliyev Azərbaycan parlamentini Gürcüstana etiraz etməyə çağırıb
# 01 fevral 2016 11:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Deputat Qüdrət Həsənquliyev Avropa Şurası Parlament Assambleyasının son iclasında Gürcüstan nümayəndə heyəti üzvlərinin Dağlıq Qarabağla bağlı qətnaməyə səs verməməsinə etirazını bildirib.

APA-nın xəbərinə görə, o, Milli Məclisin bugünkü iclasında Gürcüstanın vəzifəli şəxslərinin Azərbaycana qarşı ədalətsiz mövqeyinin zaman-zaman müşahidə olunduğunu deyib: “Vaxtilə NATO Parlament Assambleyasının tədbirdə Gürcüstandan Nino Burcanadze də iştirak edirdi. Həmin iclasda nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərov da iştirak edirdi. Orda münaqişələrdən danışan zaman Burcanadze işğalla bağlı Kosovada tətbiq olunan təcrübənin Moldova və Gürcüstana tətbiq olunmasının mümkünlüyünü bildirib, Azərbaycanın adını çəkmədi. AŞPA-nın sonuncu iclasında da Azərbaycanla bağlı qətnamə müzakirə olunanda Gürcüstan nümayəndə heyətinin 2 üzvü bunun əleyhinə səs verib. Bunu yəqin Səməd Seyidov və Fazil Mustafa da təsdiq edə bilər”.

Q. Həsənquliyev qeyd edib ki, Avropanın ayrı-ayrı instutlarında, o cümlədən Fransada güclü erməni lobbisi var: “Bu ölkələrdə hakimiyyət dəyişsə də, ancaq dövlətin mövqeyi dəyişmir". Deputat bildirib ki, həmkarı Elxan Süleymanovun təşəbbüsü ilə AŞPA-da “Sərsəng” su anbarı ilə bağlı qətnamə qəbul edilməsi çox əhəmiyyətli hadisəsdir: "Bu qətnamənin qəbulunda Elxan Süleymanovun da böyük əməyi var”.

Deputat gürcü deputatların Azərbaycana qarşı atdığı addımın Gürcüstanın diqqətinə çatdırılmasının vacibliyini söyləyib: “Biz Milli Məclis olaraq Gürcüstana bu cür tərəfdaşlıq və qonşuluq münasibətinin olmadığını çatdırmalıyıq".

Deputat Hikmət Məmmədov isə deyib ki, strateji tərəfdaş olan Gürcüstanın Keşikçi dağı istiqamətindən sərhədlərin dəqiqləşdirilməsi barədə qəti addım atmır: “Ona görə də rəsmi qurumlar bu fürsətdən istifadə etməlidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR