Zakir Qaralov Ukrayna Prokurorluğunun baş idarə rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Zakir Qaralov Ukrayna Prokurorluğunun baş idarə rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
# 24 aprel 2012 15:27 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bu gün Azərbaycanın baş prokuroru Zakir Qaralov Azərbaycanda səfərdə olan Ukrayna Prokurorluğunun Hərbi Prokurorluqlar Baş idarəsinin rəisi Yuriy Viytevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və Ukrayna arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da dərinləşməsi və inkişaf etdirilməsində ölkələrimizin maraqlı olmaları və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən söhbət açan Baş prokuror Zakir Qaralov qonaqlara Azərbaycanın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, prokurorluğun, o cümlədən hərbi prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin həyata keçirilməsi və köklü islahatların aparılması, eyni zamanda kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti, həmçinin Respublika Hərbi Prokurorluğu orqanlarının strukturu, fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları barədə məlumatlı olduğunu bildirən Yuriy Viytev hər iki ölkənin Hərbi Prokurorluqları arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, iş təcrübəsi və məlumat mübadiləsinin, həmçinin istintaq işinin effektivliyinin artırılması məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb, eyni zamanda təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini xüsusi qeyd edib.

Görüşdə hərbi Prokurorluq orqanları arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb, tərəfləri maraqlandıran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Qəbulda Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Nişşenko və Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR