Səfir: “ABŞ İKT sahəsindəki təcrübəsinin Azərbaycanla mübadiləsində maraqlıdır”

Səfir: “ABŞ İKT sahəsindəki təcrübəsinin Azərbaycanla mübadiləsində maraqlıdır”
# 07 may 2015 07:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ABŞ səfiri Robert Sekuta ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazir ikitərəfli münasibətlərin uğurlu inkişafına İKT sektorunun da töhfə verə biləcəyini qeyd edərək, ölkəmizdə bu sahə üzrə həyata keçirilən islahatlar, regional təşəbbüslərdən söz açıb.

Xüsusən Azərbaycanın koordinatorluq etdiyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə ciddi marağın olduğunu deyən nazir ölkəmizdə müşahidə edilən internetin inkişaf meylləri, gələcəkdə bu inkişafa təkan verəcək “Milli genişzolaqlı internetin inkişafı” layihəsi, eyni zamanda kosmik sənayenin inkişaf perspektivləri haqda danışıb. ABŞ şirkətlərinin Azərbaycan bazarındakı fəaliyyətinə də toxunan nazir “Cisco Systems”, “HP”, “Microsoft” kimi şirkətlərlə qurulan əməkdaşlığı diqqətə çatdırıb.

Azərbaycanda aparılan islahatlarla tanış olduğunu qeyd edən səfir isə iqtisadiyyatın gələcək inkişafının təmin edilməsində İKT sektorunun prioritet istiqamət kimi önə çəkilməsindən məmnunluğunu ifadə edib.

Peyk sənayesində Azərbaycan-ABŞ əməkdaşlığına da xüsusi toxunan diplomat gələcəkdə azərbaycanlı mütəxəssislərin ABŞ-da müəyyən ixtisaslar üzrə kadr hazırlığının aparılmasında, eləcə də İKT sahəsində ABŞ təcrübəsinin Azərbaycanla mübadiləsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə İKT sahəsində Azərbaycan-ABŞ münasibətlərinin inkişafı ilə bağlı digər məsələlər ətrafında da təkliflər səsləndirilib, perspektiv planlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR