Əlverişsiz hava şəraiti bölgələrdə bir sıra fəsadlar törədib

Əlverişsiz hava şəraiti bölgələrdə bir sıra fəsadlar törədib
# 26 yanvar 2016 08:06 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Ötən gün axşam saatlarından başlayaraq yağan qar İsmayıllı, Qəbələ və Ağsu rayonlarının ucqar dağ kəndlərində, eləcə də Göyçayda rabitə və elektrik xətlərinə ziyan vurub.

APA-nın yerli bürosunun xəbərinə görə Göyçayda 10-a yaxın ağac üzərinə yağan qarın ağırlığına dözməyərək aşıb. Kəndlərdə isə qarın ağırlığı tab gətirməyən bəzi tövlə və yardımçı tikililərin dam örtüyü, pomidor istixanalarının sellofan örtükləri çöküb.

Ötən gecədən Göyçay şəhərinin bir hissəsində və 20-yə yaxın kənddə elektrik enerjisinin verilişi dayanıb. Rayon əhalisinə təbii qazın verilişində də ciddi problemlər yaranıb. Verilən təbii qazın təzyiqi çox aşağı olduğundan abonentlər soyuq havada mənzillərini qızdırmaqda çətinlik çəkirlər. Bəzi yerlərdə isə abonentlər təbii qaz verilişinin tamamilə dayanmasından şikayətlənirlər.

Göyçay Paylayıcı Elektrik Şəbəkəsindən APA-ya bildirilib ki, hava şəraiti ilə bağlı bir neçə kənddə transformatorlarda nasazlıq yaranıb və elektrik enerjisinin verilişi dayandırılıb. İdarənin müvafiq briqadaları hadisə baş verən ərazilərə göndərilib. Hazırda enerji verilişinin bərpası üçün işlər görülür, günortayadək bütün kəndlər elektrik enerjisi ilə təmin olunacaq.


Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay Qaz xidmət sahəsindən isə bildirilib ki, ərazidə hər hansı qəza baş verməyib. Sadəcə, hava şəraiti ilə bağlı abonentlər qazdan daha çox istifadə etdikləri üçün bəzi yaşayış məntəqələrində qazın təzyiqi aşağı düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR