Mənzillərin satışından əldə edilən xalis gəlirin vergiyə cəlb olunmasının bazara təsiri qeyri-müəyyəndir - TƏHLİL

Mənzillərin satışından əldə edilən xalis gəlirin vergiyə cəlb olunmasının bazara təsiri qeyri-müəyyəndir - <span style="color: red;">TƏHLİL
# 27 fevral 2015 10:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü ilin əvvəlindən bu günə kimi daşınmaz əmlak bazarında baş verən qiymət dəyişiklikləri bir sıra kənar və bazardaxili təsirlər altında formalaşıb. Yerli bazar tarixində hələ indiyə kimi, heç bir vaxt qiymətlərə təsir edən bu qədər amilin üst-üstə düşməsi müşahidə edilməyib.

APA-Economics”in məlumatına görə, bu barədə “Value and Sources” konsaltinq şirkətinin paytaxtın daşınmaz əmlak bazarı üzrə verdiyi proqnoz hesabatında bildirilir.

Hesabatda deyilir ki, Bakı şəhərində söküntü işlərinin aparılması və sökülmüş evlərə görə kompensasiyaların verilməsi şəhərdə və onun ətrafında “ekonom sinfi”nə aid olan mənzil və evlərin qiymətlərinin artmasına səbəb olub. Eyni zamanda qiymət artımı şəhər ətrafında olan yaşayış təyinatlı kiçik torpaq sahələr üzrə də müşahidə olunub.

Məlumatda deyilir ki, dövlət tərəfindən ipoteka kreditləşməsinin davam etdirilməsi “ekonom sinfi”nə aid mənzillərin satış qiymətlərində artım tempinin qorunmasında müstəsna rolu olan amil olmaqda davam edib. Sosial yönümlü bu layihə dolayısı olaraq təkrar bazarda qiymətləri artırmaqla yanaşı, minimal həddə ilkin bazara da müsbət təsir göstərib. Maraqlısı isə odur ki, 2014-cü ildə bir çoxları anlamağa başladılar ki, təkrar bazar üzrə ipoteka kreditləşməsinin birbaşa olaraq iqtisadiyyat üçün heç bir faydası yoxdur. Əgər bu kreditləşmə ilkin bazara yönəldilsəydi, bu birbaşa olaraq tikinti sahəsinin inkişafına, iş yerlərinin artımına və vergi ödəmələrinin artımına xidmət edərdi.

2008-ci ilin ikinci yarısında iqtisadi böhran zamanı daşınmaz əmlak bazarında bir çox ölkələrdə olduğu kimi enmə tendensiyası başlayıb. Bu müddət ərzində neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına təsirsiz ötüşmədi və daşınmaz əmlak bazarında enmə başlayıb. Bazarda qiymət enməsi orta hesabla 25-30% təşkil edib. “Ekonom sinfi”nə aid mənzillərdə enmə bir qədər az, 20-25% təşkil edib. Sonrakı dövrdə neftin qiymətinin artması ölkənin iqtisadi inkişafını daha da sürətləndirdi və daşınmaz əmlak bazarında qiymət artımı yeni nəfəslə başlayıb. 2014-cü ildə avqust ayından neftin qiyməti yenidən azalmağa başlayıb və tədricən bu amil iqtisadi aktivliyinin aşağı düşməsi ehtimalı ilə bağlı bazarda qiymətlərin azalma gözləntilərini yaradıb. 2014-cü ilin noyabrından etibarən daşınmaz əmlak bazarında qiymət enməsi tendensiyasının başlaması öz təsdiqi tapmağa başlayıb.

Vergi Məcəlləsinin 102.1.9. bəndinə əsasən, vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir vergidən azaddır. Qalan bütün hallarda mənzillərin satışından əldə edilən xalis gəlir (alış və satış qiymətləri arasındakı fərqdən müvafiq xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğ) gəlir vergisinə cəlb edilir. Qanundakı bu maddə uzun illərdi ki, mövcud idi. Lakin nəzarət mexanizmi olmadığından (versiyalardan biridir) bu əməliyyatlar üzərində nəzarət zəif idi. Ancaq 2015-ci ilin yanvar ayından nəzarət gücləndirilib. Bu hadisənin daşınmaz əmlak bazarına təsiri qeyri-müəyyən qalıb, çünki bu hadisə ilə yanaşı devalvasiya gözləntiləri yaranıb və nəticədə devalvasiya baş verdi...

Hesabatda həmçinin qeyd edilir ki, bu ilin fevral ayının 21-də manat ABŞ dollarına nisbətən orta hesabla 33% devalvasiyaya məruz qalıb: “Bu müddətdən çox az vaxt keçib və daşınmaz əmlak bazarı yeni şəraitə uyğunlaşmağa başlayır. Ancaq görünən odur ki, ölkənin daşınmaz əmlak bazarında son 20 ildə (ondan əvvəlki dövrdəki statistik məlumatlar birmənalı deyil) ilk dəfə olaraq qiymətlər manat və dollar ifadələrində bir-birinə əks istiqamətdə hərəkət etməyə başlayıb, yəni dollar ifadəsində azalmağa, manat ifadəsində isə artmağa.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR