Elman Nəsirov: "Qüdslə bağlı səsvermə bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür"

Elman Nəsirov: "Qüdslə bağlı səsvermə bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür"
# 22 dekabr 2017 14:52 (UTC +04:00)

“Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq beynəlxalq hüququn norma və prinsiplərinin tələbələrinə riayət edərək kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov BMT Təhlükəsizlik Şurasında 128 üzv ölkənin ABŞ-ın Qüdslə bağlı qərarını rədd edən qətnamənin lehinə səs verməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bu, bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür, beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var və bu mövqeyi ardıcıl şəkildə müdafiə edir: “Heç bir kənar iradə Azərbaycanı öz müstəqil siyasətindən dönməyə məcbur edə bilməz. Azərbaycan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyənin təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunaraq konkret mövqe nümayiş etdirib. Baxmayaraq ki, bir çox islam ölkələri, o cümlədən türkdilli dövlətlər tədbirin əhəmiyyətini nəzərə almayaraq daha aşağı səviyyədə təmsil olunublar. Bəzi türkdilli dövlətlər, o cümlədən Türkmənistan türkdilli dövlətlərin ortaq maraqları, islam həmrəyliyi prinsiplərinə biganə mövqe nümayiş etdirirlər. Məhz müstəqil, ardıcıl və prinsipial siyasətin, dünyada islam həmrəyliyinin möhkəmlənməsinə, milli və dini tolerantlığını daha da genişlənməsinə verdiyi mühüm töhfələrin nəticəsidir ki, Bakıda keçirilmiş “2017 - İslam Həmrəyliyi İli”: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans yüksək səviyyəli auditoriya toplayıb. Dünyanın müxtəlif ölkələri, beynəlxalq təşkilatlar və s. daxil olan təbrik məktubları Azərbaycanın yürütdüyü siyasətə verilən qiymətin bariz göstəricisidir. Bu kimi mühüm beynəlxalq məsələlərin həllində Azərbaycanın nümayiş etdirdiyi mövqe beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə əməli töhfənin bariz nümunəsidir”.

Politoloq Qabil Hüseynli isə qeyd edib ki, bununla BMT üzv ölkələri ABŞ və İsrailə öz sərt üzünü göstərib: “Ən maraqlı hal isə odur ki, qardaş Türkiyə tərəfindən irəli sürülən bu qətnaməyə ABŞ-ın müttəfiqləri olan bir sıra Avropa ölkələri də qoşuldu. Bu özü onu göstərirdi ki, ABŞ-ın atdığı addım, yəni Qüdsü İsrailin paytaxtı kimi tanıması necə ədalətsiz addım idi. BMT TŞ bu qərarla bu ədalətsizliyi alt-üst etdi”.

Q. Hüseynlinin sözlərinə görə, Azərbaycan da ona edilən təzyiqlərə baxmayaraq Türkiyənin irəli sürdüyü qətnaməni dəstəklədi və sona kimi haqqın tərəfində oldu: “Başqa cür də ola bilməzdi. Azərbaycan islam həmrəyliyinə daim sadiqdir. Bunu ölkə başçısı da dəfələrlə bəyan edib, Azərbaycan dövləti müxtəlif tədbirlərlə bunu sübut edib. İndi də Azərbaycanın bu mövqeyi eyni zamanda tamamilə qanuna uyğun, beynəlxalq hüququn prinsiplərinə tamamilə uyğun idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR