İpək Yolu konfransı çərçivəsində iqtisadi əməkdaşlıq və ticarət əlaqələrinin inkişafı müzakirə olunub

İpək Yolu konfransı çərçivəsində iqtisadi əməkdaşlıq və ticarət əlaqələrinin inkişafı müzakirə olunub
# 13 mart 2018 10:54 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfransı çərçivəsində "Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi" mövzusunda panel təşkil olunub.

APA-nın məlumatına görə, panelin moderatoru Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova olub.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov İpək Yolunun yeni müstəqillik qazanmış ölkələrin bazarlara çıxmasında mühüm rol oynadığını və Azərbaycanın İpək Yolunun təchizatçılar üçün cəlbedici olmasına çalışdığını bildirib.

Rumıniyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, ATƏT PA-nın vitse-prezidenti Viktor Paul Dobre Rumıniyanın Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri qurduğunu, 2009-cu ildə iki ölkə arasında bununla bağlı sənəd imzalandığını xatırladıb: "ATƏT Qara dəniz, Qafqaz və Orta Asiya regionları arasında iqtisadi əməkdaşlığın gücləndirilməsini vacib sayır. ATƏT-in daha çox təhlükəsizlik qurumu olmasını nəzərə alsaq, qanunun aliliyi və iqtisadi inkişaf eyni məsələnin iki üzüdür və ATƏT bu iki məqama xüsusi önəm verir. Biz Avropa İttifaqı və Avrasiya İttifaqı arasında münasibətlərin yaxşılaşdırılmasını zəruri hesab edirik”.

V. P. Dobre Rumıniyanın TANAP, TAP, Trans-Adriatik qaz kəmərləri layihələrini də yüksək dəyərləndirib: "Bunlar Avropa üçün alternativ enerji mənbələridir. Xəzər dənizi və Qara dənizi arasında enerji nəqliyyat dəhlizində Rumıniyanın limanları vacibdir”.

Belarusun ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Boleslav Pirştuk Belarus və Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini söyləyib: “Əsas odur ki, Avrasiya məkanında əməkdaşlıq üçün əlverişli şərait yaradaq. Belarus Avrasiya regionunda çox böyük nəqliyyat-logistika mərkəzi rolunu oynayır. Hər il Belarus ərazisindən 100 milyon tondan çox yük daşınır. Bu yüklərin 90 faizi Rusiya və Avropa arasında daşınan yüklərdir. Hazırda Belarusun nəqliyyat imkanlarının 40-45 faizindən istifadə edilir. Minsk yaxınlığında Belarus-Çin yüksək texnologiyalar parkı yaradılıb. Bu yüksək texnologiyalar parkına milyard dollara yaxın investisiya qoyulması niyyətləri ifadə olunur. İpək Yolu innovasiyalı iqtisadiyyatın yaradılması üçün də əlverişlidir. Yüksək texnologiyalar parkında bir çox vergi güzəştləri tətbiq olunur. Belarusun məqsədi biznes üçün ən əlverişli 30 ölkə sırasına daxil olmaqdır. Biz İpək Yoluna Dəstək Qrupu çərçivəsində əməkdaşlığın inkişafında maraqlıyıq".

Avstriyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Roman Hayder deyib ki, Avstriya üçün iqtisadi əməkdaşlığın inkişafı prioritet məsələlər sırasındadır: "Avropa İttifaqı inteqrasiya prosesini nəzərə almalıdır ki, problemlərlə üzləşməsin. Biz əhalini təmsil etdiyimiz üçün məhz əhalinin maraqlarını önə çəkməliyik. Korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması vacibdir və ATƏT PA-dakı nümayəndə heyətləri istiqamətdə mühüm rol oynaya bilərlər".

R. Hayder İpək Yolu Dəstək Qrupu çərçivəsində ölkələri birləşdirməyin vacib olduğunu söyləyib: "Mən İpək Yolu Günü təsis edilməsini təklif edirəm. Məncə, İpək Yolu Günü təsis edilsə, ildə bir dəfə bu gün qeyd edilsə, İpək Yoluna diqqət də artar".

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova İpək Yolu Gününün təsis edilməsi təklifini dəstəkləyib.

Bununla da panel başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR