“Din və Dünya” mövzusunda III Moskva Beynəlxalq Forumu keçirilib - FOTOSESSİYA

“Din və Dünya” mövzusunda III Moskva Beynəlxalq Forumu keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 29 oktyabr 2015 11:28 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında “Din və Dünya” mövzusunda III Moskva Beynəlxalq Forumu keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva meriyasının milli siyasət, dinlərarası əlaqələr və turizm Departamentinin təşkilatçılığı ilə keçirilən forumda xristianlıq, islam, buddizm və iudaizm dinlərinin nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri Allahşükür Paşazadə, mitropolit İllarion Volokolamskiy, Rusiyanın baş müftisi, Rusiya Müsəlmanlarının Mərkəzi Dini İdarəsinin sədri Talqat Tacuddin və digər dini liderlər iştirak ediblər.


Forumun əsas müzakirə mövzusu Yaxın Şərqdəki vəziyyət, bu regionda dinlərarası sülhün əldə edilməsi yolları, dini xeyriyyə təşkilatlarının fəaliyyəti və dini-mənəvi dəyərlərin qorunub saxlanılması olub. Konfransı giriş sözü ilə açan Mitropolit İllarion regiondakı münaqişələrdən, beynəlxalq terrorçuluqla birgə mübarizənin vacibliyindən, dinlərarası sülhün əldə olunmasının yollarından danışıb. Mitropolit çıxışında Cənubi Qafqazın ən kəskin problemi olan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, bu münaqişənin sülh yolu ilə həll olunması yönündə uzun müddətdir ki, aparılan danışıqların vacibliyini vurğulayıb: “Qeyd etmək istəyirəm ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında, bu münaqişənin dinlərarası münaqişəyə çevrilməməsində xidmətləri böyükdür. Məhz bu din xadiminin sayəsində Dağlıq Qarabağ münaqişəsi dini münaqişəyə çevrilməyib”.

A. Paşazadə isə çıxışında Moskva Cümə məscidinin açılışı münasibətilə müfti Ravil Qaynutdini və Rusiyanın müsəlman icmasını təbrik edib: “Təəssüf ki, Həcc mərasimində olduğum üçün məscidin açılışında iştirak edə bilmədim”.

Konfransda digər çıxışçılar da Yaxın Şərqdəki vəziyyətdən, dünya üçün böyük təhlükə olan İŞİD terrorundan və buna qarşı birgə mübarizədən danışıblar.

Konfrans öz işini bölmələrdə davam etdirib. Sonda MDB ölkələri dini liderləri tərəfindən konfransın yekun qətnaməsi qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR