Səudiyyə Ərəbistanı səfiri: "İranla əlaqələrimizin bərpası üçün bu ölkə daxili işlərimizə qarışmamalı, terrorçuları dəstəkləməməlidir"

Səudiyyə Ərəbistanı səfiri: "İranla əlaqələrimizin bərpası üçün bu ölkə daxili işlərimizə qarışmamalı, terrorçuları dəstəkləməməlidir"
# 07 yanvar 2016 13:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Səudiyyə Ərəbistanı Krallığı ilə İran arasında əlaqələrin bu səviyyəyə çatmasının səbəb Krallıqda terrorçular barəsində icra olunan şəriət hökmləri barədə İran rejiminin verdiyi aqressiv açıqlamalar və ölkəmizin Tehrandakı səfirliyi və Məşhəddəki baş konsulluğunun məruz qaldığı təcavüz aktlarıdır”. Bu sözləri APA-ya açıqlamasında Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym deyib. Onun sözlərinə görə, heç bir ölkə digərinin onun daxili işlərinə qarışmasını, səfirliyinə hücum edilməsini qəbul edə bilməz: “O cümlədən Səudiyyə Ərəbistanı Krallığı bütün bu mənfur açıqlamaları və təcavüzləri kəskin şəkildə qınayıb ona öz etirazını bildirir. Ölkəmin İranla əlaqələrinin bərpası üçün Krallıq hesab edir ki, İran ölkəmizin daxili işlərinə qarışmamalı, terrorçuları dəstəkləməməli, onları maliyyələşdirməməli, mehriban qonşuluq prinsiplərinə hörmət etməlidir. Belə ki, bu müdaxilələr tək ölkəmlə məhdudlaşmır, həmçinin İraq, Yəmən, Livan, Suriya və Bəhreyn kimi region dövlətlərini əhatə edir. Qeyd edilən ölkələrdə vətəndaş müharibələri və məzhəbçilik zəminindəki qarşıdurmaların əsas səbəbi İran rejiminin oraya birbaşa müdaxiləsidir. Əgər o bu müdaxilələrə və islam aləmində məzhəbçilik və qarşıdurma yaratma cəhdlərinə son qoyarsa, terroru himayə edib və ona rəvac verməzsə, eləcə də bu işlərin təkrar olunmaması barədə üzərinə öhdəlik götürərsə əlaqələrin bərpasından söhbət gedə bilər. Çünki Krallıq həmişə islam həmrəyliyinin və birliyinin tərəfdarı olub və bundan sonra da olacaq. Hazırda Səudiyyə Ərəbistanı Krallığı İranla bağlı bütün mümkün variantları istər Ərəb ölkələri Liqası, istər İslam Əməkdaşlıq Təşkilatı və istərsə də Birləşmiş Millətlər Təşkilatı səviyyəsində gözdən keçirir. Biz öz hüquqlarımızın müdafiəsi, Krallığın və Səudiyyə xalqının maraqlarının təminatı, ərazilərimizin qorunması üçün bütün gücümüzü sərf edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR