Ağdaşın içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının böyük hissəsi yekunlaşıb

Ağdaşın içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının böyük hissəsi yekunlaşıb
# 21 sentyabr 2015 13:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərsu” ASC “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) tərəfindən birgə maliyyələşdirilən “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yekunlaşıb.

Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Ağdaş şəhərində 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması işlərinə 2008-ci ildə Azərbaycan hökuməti və AİB-in birgə maliyyələşdirilən “Şəhər su təchizatı və kanalizasiya layihəsi”nin icrası ilə başlanılıb. Bu layihə çərçivəsində 3 ədəd subartezian quyu qazılıb, sugötürücü kamera, xlorator binası və 2 000 kubmetr tutumu olan su anbarı inşa edilib. Eyni zamanda 2 km uzunluğunda magistral su xətti çəkilərək mövcud şəbəkə ilə birləşdirilib, yeni laboratoriya binası, nasos stansiyası, “Ağdaş Sukanal” TSC üçün inzibati bina və istehsalat bazası inşa edilib. Bu mərhələ üzrə işlər 2010-cu ildə başa çatdırılıb.

Ağdaş şəhərinin su və kanalizasiya infrastrukturu tamamilə yenidən qurulması 2012-ci ildə icrasına başlanılmış “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində həyata keçirilir. Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 2 yeni artezian quyusu qazılıb. Layihəyə uyğun olaraq şəhərdə 141 kilometr uzunluğunda su şəbəkəsi yaradılıb, 5200 ünvana birləşmə verilib. İndiyədək 4521 abunəçi smart sayğaclarla təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.

Bununla paralel olaraq şəhərin kanalizasiya sistemləri də yenidən qurulur. İnşası nəzərdə tutulan 127 km-lik kanalizasiya şəbəkəsinin tikintisi tam başa çatmaq üzrədir. Ağdaş şəhərində tullantı suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və hər birinin məhsuldarlığı sutkada 12 500 kubmetr olan iki çirkab sutəmizləyici qurğuda həyata keçiriləcək.

Qeyd edək ki, Ağdaş şəhərində ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri 1950-1960-cı illərdə yaradılıb. Türyançayın yatağında yaradılmış drenaj qurğusu uzun illər boyu sel və daşqınlara məruz qaldığından istismar imkanlarının böyük bir hissəsini itirib. Paylayıcı su şəbəkəsi ilə Ağdaş şəhərinin 26 130 nəfər əhalisinin təqribən yarısının normal su təchizatını aparmaq mümkün olub. Ağdaş şəhərində 1960-1965-ci illərdə tikilmiş 18 km uzunluğunda kanalizasiya şəbəkəsi istismara yararsız vəziyyətə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR