BDU və AMEA yeni layihəyə start verib

BDU və AMEA yeni layihəyə start verib
# 11 iyul 2016 09:14 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar laboratoriyasında AMEA-nın İdarəetmə Sistemləri İnstitutu və universitet əməkdaşlarının "İşlənmənin son mərhələsində olan yataqlarda neftvermə əmsalının artırılması üçün nanotexnologiyaların tətbiqi ilə intellektual idarəetmə sisteminin yaradılması" mövzusunda birgə seminarı olub.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, seminarda rektor, akademik Abel Məhərrəmov, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, Mexanika riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov, Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyeva və digər alimlər iştirak ediblər. Akademik Abel Məhərrəmov BDU-da nanotexnologiyanın neftçıxarmaya tətbiqi ilə bağlı tətbiqi elmi tədqiqat işlərinin hələ 2005-ci ildən aparıldığını, SOCAR və Səudiyyə Ərəbistanının Kral Əbdul Əziz Kinq Araşdırmalar Mərkəzi ilə bu istiqamətdə əməkdaşlıq edildiyi seminar iştirakçılarının diqqətinə çatdırıb.

Telman Əliyev işlənmənin son mərhələsində olan yataqlarda neftvermənin artırılması üçün intellektual idarəetmə sisteminin yaradılması ilə bağlı uğurlu işlər aparıldığını bildirib.

Sonra Nanoaraşdırmalar laboratoriyasında aparılan işlər barədə Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov məlumat verib. Qeyd edib ki, laboratoriyada son 7 ildə aparılan emi tədqiqat işlərinin nəticələri 150 xarici məqalədə, o cümlədən onlardan 82-si Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda dərc edilib. Bütünlüklə laboratoriyada bu dövr ərzində ümumi dəyəri 7,8 milyon dollarlıq qrant layihələri yerinə yetirilib.

Seminarda, eyni zamanda bu istiqamətdə Dövlət proqramının hazırlanması barədə müzakirələr aparılıb və işçi qrup yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR