Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 6,5% artıb

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 6,5% artıb
# 16 noyabr 2017 12:45 (UTC +04:00)

"2016-cı ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artaraq 2 milyard dollara çatıb. 2017-ci ilin 9 ayı ərzində Azərbaycan və Rusiya arasında ticarət əlaqələri ötən ilin müvafiq dövrünə nisbətən 6,5% artıb".


"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşündə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir.

"İki dövlətin prezidentlərinin səyi nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Rusiya arasında ticari münasibətlər əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Təsadüfi deyil ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi Rusiyada açılıb. Bu, ölkələrimiz arasında yüksək səviyyədə əməkdaşlığın bariz nümunəsidir", - deyə S.Məmmədov vurğulayıb.

Nazir müavini qeyd edib ki, son 5 ildə iki ölkə arasında 5-ə yaxın biznes forum və işgüzar görüş keçirilib. O əlavə edib ki, hazırkı işgüzar görüşü iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyini, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib.

Rusiyanın Sankt-Peterburq nümayəndə heyətinin rəhbəri, Sankt-Peterburqun Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayev Azərbaycan və Sankt-Peterburq arasında iqtisadi əlaqələrin inkişafı barədə məlumat verib və Sankt-Peterburqun iqtisadi potensialına dair təqdimatla çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR