İlham Əliyev: “Açıq dənizlərə çıxışı olmayan Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərinin birinə çevriləcək”

İlham Əliyev: “Açıq dənizlərə çıxışı olmayan Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərinin birinə çevriləcək”
# 08 fevral 2018 12:48 (UTC +04:00)

“Növbəti illərdə önəmli, tarixi qaz-nəqliyyat layihələrini yenə də icra etməklə Azərbaycan - açıq dənizlərə çıxışı olmayan bir ölkə Avrasiyada nəqliyyat mərkəzlərinin birinə çevriləcək. Biz siyasətimiz, qətiyyətimiz, düzgün xarici siyasətimiz nəticəsində bunu da edəcəyik. Çünki xarici siyasət, ilk növbədə, daxili problemlərin həllinə yönəlib”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

O qeyd edib ki, xarici siyasət daxili siyasətin davamıdır: “Biz uğurlu xarici siyasəti təkcə ona görə aparmırıq ki, dünyada bizə olan rəğbət artsın. Bu, real işlərə çevrilir. Uğurlu xarici siyasət bu beynəlxalq layihələri də həll etməyə şərait yaradır. Çünki tranzit ölkə olmaq üçün sən mütləq qonşularla işləməlisən. Qonşular olmadan heç bir ölkə tranzit ölkə ola bilməz. Bütün bunlar bir-birinə bağlı olan məsələlərdir. Bizim gələcək inkişafımızla bağlı çox aydın təsəvvürümüz, proqramlarımız var - bütün sahələrdə, ictimai xidmət sahələrində, korrupsiya, rüşvətxorluğa qarşı mübarizə sahəsində, haqq-ədalətin bərqərar olması sahəsində, bütün istiqamətlərdə. Sadəcə olaraq, bir çıxışda bütün istiqamətlər haqqında geniş danışmaq mümkün deyil. Ancaq mən əminəm ki, Azərbaycan növbəti illərdə öz uğurlu, dinamik inkişaf tempini nəinki saxlayacaq, onu daha da möhkəmləndirəcək. Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi ulu öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - onun dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR