Dövlət Gömrük Komitəsi ümumi tranzit proseduru ilə bağlı milli seminar keçirir

Dövlət Gömrük Komitəsi ümumi tranzit proseduru ilə bağlı milli seminar keçirir
# 12 mart 2018 07:57 (UTC +04:00)

Bu gün Bakıda “Dövlət Gömrük Komitəsinin ümumi tranzit proseduru və mallara ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyalarına üzv olma, eləcə də Avropa yeni kompüterləşdirilmiş tranzit sisteminə (NCTS) qoşulmaya hazırlıq prosesində dəstək” adlı milli seminar keçirilir.

APA-Economics”in məlumatına görə, seminarın keçirilməsində məqsəd Ümumi Tranzit Proseduru haqqında Konvensiyanın üzv dövlət tərəfindən tətbiqi üçün əsas qaydalar barədə iştirakçıları məlumatlandırmaqdan ibarətdir.

Seminarda əsas tranzit prosedurları – coğrafi əhatə dairəsi, tranzit gömrük prosedurunun məqsədləri, Ümumi Tranzit Prosedurunun coğrafi tətbiqi mövzuları müzakirə olunacaq. Bundan başqa, konvensiyaya qoşulmaq üçün şərtlər, qanunvericilik, prosedur və texniki şərtlər də müzakirə mövzusu olacaq.

Seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanın ümumi tranzit proseduru və mallara ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyalarına üzv olması, eləcə də Avropa yeni kompüterləşdirilmiş tranzit sisteminə (NCTS) qoşulmağa hazırlıq prosesindən geniş danışıb. Komitə sədri bu konvensiyaya qoşulmanın ölkəmiz üçün əhəmiyyətindən danışıb. “Ötən ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilsi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci fazasının bu il istifadəyə verilməsi ölkənin tranzit potensialının inkişafında böyük rol oynayacaq. Keçirilən seminar və konvensiya ölkənin inkişaf edən tranzit imkanlarının səmərəliliyinin artıracaq,” – deyə A. Əliyev qeyd edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu sahədə görülmüş işlərdən danışıb. Nazir müavini bildirib ki, ölkənin logistika mərkəzinə çevrilməsi istiqamətində dəmir yolu sahəsində bir sıra işlər görülür: “Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı görülən işlər, Bakı-Böyük Kəsik dəmir yolunun 600 kilometrlik hissəsinin təmiri görülən işlər sırasına daxildir. Həmçinin görülən işlər ölkədə yükdaşımanın həcminin artmasında da özünü göstərir”.

İki gün davam edəcək seminarda, həmçinin Ümumi Tranzit Proseduru, Tranzit prosedurunun həyata keçirilməsi, prosedura dair elektron sistem, prosedur sahibinin öhdəlikləri, zəmanət təmin etmək öhdəliyi, zəmanətin formaları və istisnalar, zəmanətin növləri və zəmanətdən azadolma, istinad məbləğinin azaldılması, zəmanət öhdəliyinin forması və tranzit prosedurunda sadələşdirmələr sahəsində mövzular da müzakirə olunacaq.

Həmçinin seminarda sadələşdirmənin növləri, icazənin alınması üçün ümumi şərtlər, səlahiyyətli yükgöndərən və səlahiyyətli yükalan, tranzit prosedurunda digər növ sadələşdirmələr müzakirə mövzusu olacaq. Seminarda Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) təqdimatı da baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR