Azərbaycan Qars-Naxçıvan dəmir yolunun inşası üçün Türkiyəyə 1 mlrd. dollar güzəştli kredit ayıra bilər

Azərbaycan  Qars-Naxçıvan dəmir yolunun inşası üçün Türkiyəyə 1 mlrd. dollar güzəştli kredit ayıra bilər
# 07 dekabr 2012 08:38 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Qurban Nəzirov bildirib.

Onun sözlərinə görə, artıq «Azərbaycan Dəmir Yolları» QSC bununla bağlı layihənin hazırlanması üçün hökumətdən müvafiq tapşırıq alıb. Bununla əlaqədar olaraq dəmiryolunda Nəqliyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə xüsusi komissiya yaradılıb: «Bu yaxınlarda Naxçıvanda olmuşuq və İran sərhədindən həmin ərazilərə texniki baxış keçirmişik. Bu baxışın nəticəsi olaraq dəmiryolu tərəfindən texniki tapşırıq hazırlanaraq Nəqliyyat Nazirliyinə təqdim edilib. Hazırda bu texniki tapşırıq öyrənilir».

Q.Nəzirov bildirib ki, Azərbaycan bu məsələdə Türkiyə dəmiryolları ilə də əlaqə saxlayır, çünki Naxçıvan-Qars dəmir yolunun layihələndirilməsi Türkiyə tərəfindən aparılacaq: «Buna görə də həmin texniki tapşırığı Türkiyə tərəfinə də təqdim etmişik».

Baş mühəndisin sözlərinə görə, Qars şəhərindən Türkiyə-Azərbaycan sərhədinədək olan təqribən 230 km ərazidə yeni dəmir yolunun çəkilməsi nəzərdə tutulur ki, bu da təqribən 1 mlrd. dollara başa gələcək. Dəmir yolunun Türkiyə ərazisində olmasına baxmayaraq, bu yolun Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Azərbaycan yolun tikintisi üçün Türkiyəyə layihənin bütün dəyəri məbləğində - 1 mlrd. dollar həcmində güzəştli kredit ayıra bilər.

Qeyd edək ki, analoji mexanizm Azərbaycan üçün mühüm olan digər dəmir yolu layihəsində – Azərbaycanla Türkiyə arasında dəmiryol rabitəsini təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində də tətbiq edilib. Həmin layihə çərçivəsində yolun Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan Gürcüstana 775 mln. dollar uzunmüddətli güzəştli kredit ayırıb.

Bu layihə ilə əlaqədar olaraq dəmir yolunun Naxçıvan hissəsində də təqribən 10 km-ə yaxın dəmir yolu xəttinin tikintisi nəzərdə tutulur. Bu hissə hazırkı dəmiryolu xəttini Sədərəkə qədər uzatmağa imkan verəcək. Paralel olaraq Naxçıvan Muxtar Respublikasının dəmiryol sistemi də yenidən qurulacaq. Q.Nəzirovun sözlərinə görə, Naxçıvanda uzunluğu təqribən 230 km olan dəmiryolu da yenidən qurulacaq ki, buradakı lokomotiv-vaqon parkı tamamilə yenilənəcək və bu işlər təqribən 700 mln. dollara başa gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR