Cənubi Qafqaz Boru Kəməri şirkəti beş rayonun müəllimlərinin ingilis dili tədrisini təkmilləşdirəcək

Cənubi Qafqaz Boru Kəməri şirkəti beş rayonun müəllimlərinin ingilis dili tədrisini təkmilləşdirəcək
# 19 may 2016 10:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Cənubi Qafqaz Boru Kəməri şirkəti boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların bacarıq və bilgilərinin artırılmasına yönəlmiş yeni layihəyə başlayır.


"APA-Economics" xəbər verir ki, bu, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsinin sosial sərmayə proqramı çərçivəsində həyata keçirilən bir təşəbbüsdür.

Layihə icmalarda ingilis dilinin tədris keyfiyyətini artırmaq üçün nəzərdə tutulub və iki aspekti - müəllimlər üçün ingilis dili tədrisinin təkmilləşdirilməsi üzrə təlimlər və icma üzvləri üçün ingilis dili kurslarını əhatə edir. Layihənin məqsədi icma üzvlərinin məşğulluq imkanlarının artırılmasına kömək edəcək səriştə və bacarıqlar yaradılması səylərinə dəstək olmaqdır.

Layihə “British Council” tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçiriləcək.

Layihənin təqdimatı ilə əlaqədar keçirilmiş tədbirdə çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib ki, CQBKG layihəsi çərçivəsində əməliyyatların keçirildiyi yerlərin və obyektlərin yaxınlığında yaşayan icmalarda yeni səriştə və bacarıqların yaradılmasına və inkişaf etdirilməsinə dəstək olmaq səylərimizi davam etdiriləcək: “İnanırıq ki, bu yolla onların uzunmüddətli karyera qurmaq və həm özləri, həm də ailələri üçün davamlı faydalar yaratmaq üçün məşğulluq sahəsində daha rəqabətqabiliyyətli olmalarına kömək edə bilərik. Bu layihə bizim indiyədək Səngəçal terminalı və boru kəmərlərimiz yaxınlığında yaşayan əhali üçün BP və tərəfdaşlarının uğurla həyata keçirdiyi çoxsaylı icma təşəbbüslərindən sadəcə biridir. Bu təşəbbüslərin insanların yaşayış imkanlarının yaxşılaşdırılması istiqamətində, həmçinin yerli bacarıq və səriştələrin artırılması sahəsində nəticələrini görürük və bundan çox məmnunuq”.

Qeyd edək ki, bir illik layihənin dəyəri 150 min manat təşkil edir. Təlimlərdə beş bölgənin icmalarından seçiləcək on orta məktəbi təmsil edən 75 ingilis dili müəllimi iştirak edəcək. Sonra həmin müəllimlər məktəblərdə ingilis dili dərsləri keçərkən təkmilləşdirdikləri tədris bacarıqlarından istifadə edəcək, həmçinin icma üzvləri üçün ingilis dili kursları keçəcəklər.

Layihənin 10-16 yaş arasında təxminən 500 məktəblini və 150 icma üzvünü əhatə edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR