Azərbaycan qalereyası İstanbulda açılmış beynəlxalq sənət yarmarkasında iştirak edir - FOTO

Azərbaycan qalereyası İstanbulda açılmış beynəlxalq sənət yarmarkasında iştirak edir - <span style="color: red;">FOTO
# 12 noyabr 2014 16:30 (UTC +04:00)

Bakı – APA. İstanbulda açılan “Contemporary İstanbul” (Cİ) beynəlxalq sənət yarmarkasında Azərbaycanın “Yay” qalereyası və “Yarat” dərgisi də iştirak edir. Yarmarkanın açılışı münasibətilə xarici mətbuata verdiyi brifinqdə APA-nın suallarını cavablandıran Cİ rəhbəri Əli Güreli Azərbaycandan qalereya və dərginin yarmarkada iştirakından məmnun olduqlarını və bundan sonra Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək üçün çalışacaqlarını deyib. Sənət sahəsində Azərbaycanın köklü ənənələrə sahib olduğunu söyləyən Ə. Güreli, çağdaş sənət, qalereyaçılıq və muzeyçilik sahələrində Azərbaycanla həmişə təcrübə mübadiləsi etməyə hazır olduqlarını vurğulayıb.

“Yay” sənət qalereyasının direktoru Anastasiya Bloxina APA-ya açıqlamasında bildirib ki, Cİ kimi nüfuzlu beynəlxalq mədəniyyət yarmarkasında iştirak etmək onları sevindirir: “Burada nümayiş etdirmək üçün Çingiz Babayevin bal mumundan hazırladığı heykəlləri və Sənan Ələsgərovun şüşə üzərindəki boya işlərini gətirmişik. Həm sənət, həm də ticarət baxımından yarmarkanın bizim üçün uğurlu keçəcəyinə inanıram”.

Qeyd edək ki, Cİ beynəlxalq sənət yarmarkası ilk dəfə 2006-cı ildə keçirilib. Qarşıya qoyulan əsas hədəf yarmarkanın 10 illiyində dünyanın 10 ən yaxşı sənət tədbiri arasına daxil olmaqdır. 16.500 kvadratmetrlik qapalı sahədə təşkil edilən yarmarkaya bu il dünyanın müxtəlif guşələrindən 300 kolleksiyaçının gəlməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR