Bank Of Baku

"Cyber Health Innovations" şirkətinin direktoru Tel-Əvivdə "Cyber & AI Week 2026"da iştirak edib - FOTO

"Cyber Health Innovations" şirkətinin direktoru Tel-Əvivdə "Cyber & AI Week 2026"da iştirak edib - FOTO
# 18 noyabr 2026 10:57 (UTC +04:00)

“Cyber Health Innovations” şirkətinin direktoru Günel Cənnətova Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və İsrailin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə 9–12 noyabr 2026-cı il tarixlərində İsrailin Tel-Əviv Universitetində keçirilən beynəlxalq “Cyber Week & AI Week 2026” tədbirində iştirak edib.

APA xəbər verir ki, tədbir kibertəhlükəsizlik və süni intellekt sahəsində dünyanın aparıcı platformalarından biri hesab olunur.

Tel-Əviv Universitetinin Blavatnik İnterdissiplinar Kiber Tədqiqat Mərkəzi və Yuval Neeman Elmi, Texnologiya və Təhlükəsizlik Seminarının təşkilatçılığı, İsrail Milli Kiber Direktoryasının iştirakı ilə keçirilən konfransa 100-dən çox ölkədən təxminən 7 000 iştirakçı, o cümlədən 1 500 beynəlxalq nümayəndə qatılıb. Tədbirin sədri İsrailin kibertəhlükəsizlik ekosisteminin banilərindən sayılan ehtiyatda olan general-mayor professor İsaak Ben-İsraeldır.

Tədbir çərçivəsində Günel Cənnətova bir sıra yüksək səviyyəli görüşlər keçirib.

O, professor İsaak Ben-İsrael ilə görüşüb, kibertəhlükəsizlik və texnoloji innovasiyalar sahəsində təcrübə mübadiləsi aparıb. Professor Ben-İsrael İsrailin milli kiber siyasətinin formalaşdırılmasında və ölkənin qlobal kiber liderliyinin təmin edilməsində mühüm rol oynamış alim və dövlət xadimidir.

Həmçinin, Günel Cənnətova İsrail Milli Kiber Direktoryasının baş direktoru, ehtiyatda olan briqada generalı Yossi Karadi ilə şəxsi görüş keçirib. Görüşdə kibertəhlükəsizlik sahəsində real tətbiq, institutlaşmış yanaşma və davamlı həllərin əhəmiyyəti müzakirə olunub.

Günel Cənnətova qeyd edib ki, belə görüşlər kibertəhlükəsizliyin yalnız təqdimat və nümayişlərlə məhdudlaşmadığını, əksinə, vizyon, peşəkarlıq, güclü institutlar və real tətbiq üzərində qurulduğunu bir daha təsdiqləyir. O, Azərbaycanda da dayanıqlı texnoloji həllərin, gündəlik həyatda işləyən sistemlərin və real nəticəyə yönəlmiş yanaşmanın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

“Cyber Health Innovations” kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, data idarəetməsi və rəqəmsal həllər sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkət İsrailin qabaqcıl kibertəhlükəsizlik və texnoloji ekosistemi ilə sıx əlaqələrə malikdir, İsrail texnologiyalarının tətbiqi, İsrail mütəxəssisləri ilə birgə layihələr və peşəkar mübadilə onun fəaliyyətinin əsas istiqamətlərindəndir. Beynəlxalq təcrübənin yerli bazara uyğun peşəkar həllərə çevrilməsi şirkətin prioritetlərindəndir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR