Azərbaycan Avropa və Asiyanın kəsişməsində yerləşərək Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq və qlobal bazarlar arasında mühüm bağlantı rolunu oynayır.
APA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində təşkil olunan “Regional Əlaqəlilik üçün Ticarət Həllərinin Gücləndirilməsi” sessiyasında etdiyi çıxışında deyib.
O bildirib ki, ticarət yalnız iqtisadi fəaliyyət deyil, həm də inteqrasiya, dayanıqlılıq və ortaq rifah üçün mühüm mexanizmdir.
Bəşirli qeyd edib ki, Azərbaycan IsDB məkanında strateji mövqeyə malik ölkələrdən biridir:
“Azərbaycan Avropa və Asiyanın kəsişməsində yerləşir. Ölkəmiz Mərkəzi Asiyanı, Qafqazı, Yaxın Şərqi və daha geniş beynəlxalq bazarları birləşdirən təbii körpü rolunu oynayır”.
Nazir müavini vurğulayıb ki, Azərbaycanın Orta Dəhliz üzrə mühüm mövqeyi regional ticarət və nəqliyyat arxitekturasında rolunu gücləndirir:
“Azərbaycan Şərq və Qərbi birləşdirən kommersiya baxımından səmərəli, dayanıqlı və getdikcə daha etibarlı marşrutların formalaşdığı yeni ticarət sisteminin mərkəzində yerləşir”.
Onun sözlərinə görə, nəqliyyat infrastrukturu, logistika imkanları, limanlar, dəmir yolları və rəqəmsal bağlantılara yatırılan investisiyalar Azərbaycanın regional tranzit və ticarət qovşağı kimi mövqeyini möhkəmləndirib.
Bəşirli bildirib ki, son beş ildə Azərbaycanın region ölkələri ilə ümumi ticarət dövriyyəsi iki dəfədən çox artıb:
“Sənaye zonalarının yaradılması, biznes mühitinin yaxşılaşdırılması, müasir infrastrukturun inkişafı və özəl sektorun dəstəklənməsi bu artıma mühüm töhfə verib”.
Nazir müavini qeyd edib ki, regionda ticarətin inkişafı qarşısında müəyyən çağırışlar da qalır:
“Bunlara tənzimləyici fərqlər, ticarət maliyyəsinə çıxış imkanlarının məhdudluğu, maliyyə institutlarının potensial problemləri və sərhədlərarası ticarətdə maneələr daxildir”.
O vurğulayıb ki, bu çağırışların həlli üçün hökumətlər, beynəlxalq tərəfdaşlar, maliyyə institutları və özəl sektor arasında daha sıx əməkdaşlıq tələb olunur.
“Azərbaycan açıq, etibarlı və beynəlxalq əlaqələrə malik tərəfdaş olaraq regional ticarət və investisiyalar üçün mühüm platforma olaraq qalır”, – Bəşirli əlavə edib.