Elm və təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbində (BANM) I və II kursda təhsil alan SABAH tələbələri ilə görüş keçirilib.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görüşdə açılış nitqi ilə çıxış edən BANM-ın rektoru Elmar Qasımov SABAH proqramının ali təhsildə keyfiyyətin yüksəldilməsi və istedadlı gənclərin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Rektor bildirib ki, hazırda Bakı Ali Neft Məktəbində 335 SABAH tələbəsi təhsil alır, həmçinin proqram çərçivəsində ilk dəfə doktorantura səviyyəsində təhsilə başlanılıb. Elmar Qasımov BANM-ın yüksək akademik nəticələr göstərən tələbələrin seçimində ön sıralarda yer aldığını qeyd edib. İlk il 100 tələbə ilə fəaliyyətə başlayan ali təhsil müəssisəsində bu il tələbə qəbulunun 900-ə yaxınlaşdığını bildirən rektor növbəti iki ildə tələbə kontingentinin 5 min nəfərə çatdırılmasının hədəfləndiyini vurğulayıb.
Elm və təhsil naziri Emin Əmrullayev tədbirdə çıxış edərək ali təhsil siyasətinin əsas prioritetləri, SABAH proqramının yaradılma məqsədləri və gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. Nazir bildirib ki, SABAH qruplarının yaradılmasında əsas məqsəd istedadlı və bacarıqlı tələbələri seçərək onlar üçün daha keyfiyyətli təhsil imkanları yaratmaq, eyni zamanda ali təhsil müəssisələrində sağlam rəqabət mühiti formalaşdırmaq olub.
Emin Əmrullayev qeyd edib ki, SABAH qruplarının fəaliyyəti ali təhsil müəssisələrində yeni akademik mühitin formalaşmasına, rəqabətin güclənməsinə və təhsil prosesinə yanaşmaların dəyişməsinə töhfə verib. Ötən ildən proqramın yeni mərhələsinə başlanılması da bu inkişafı sürətləndirmək və tələbələr üçün daha geniş imkanlar yaratmaq məqsədi daşıyır.
Elm və təhsil naziri SABAH proqramının gələcək liderlərin formalaşmasında roluna da diqqət çəkib. Müasir dövrdə tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməsinin, təşəbbüskarlığının və rəqabətqabiliyyətliliyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. SABAH tələbələrinin üzərinə düşən məsuliyyətin daha böyük olduğunu bildirən Emin Əmrullayev yaradılan imkanlardan səmərəli istifadə edilməsinin, əldə olunan bilik və bacarıqları ölkənin inkişafına yönəldilməsinin vacibliyini qeyd edib.
Görüş qarşılıqlı sual-cavab formatında davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb, həmçinin onların fikir və təklifləri dinlənilib.
Qeyd edilib ki, SABAH proqramının əhatə dairəsinin genişləndirilməsi, prioritet ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi və yeni maliyyələşmə mexanizmlərinin tətbiqi istiqamətində işlər davam etdirilir. Ümumilkdə son iki il ərzində SABAH proqramı çərçivəsində 5 226 nəfərlik kvota 19 ali təhsil müəssisəsini əhatə edib. Ən çox tələbə sayı kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, maliyyə, kimya mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə müəyyən edilib.
2026-2027-ci tədris ilindən ilk dəfə doktorantura səviyyəsi üzrə qəbul aparılıb və 7 ixtisas istiqaməti üzrə 80 yer müəyyən edilib. Görülən işlər ali təhsildə keyfiyyət əsaslı yanaşmanın gücləndirilməsinə, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına və ölkənin uzunmüddətli inkişaf prioritetlərinə uyğun kadr hazırlığının təmin edilməsinə xidmət edir.