Bank Of Baku

Azərbaycanda təbii qazdan zərəhlənmə hadisələrinin sayı artıb

Azərbaycanda təbii qazdan zərəhlənmə hadisələrinin sayı artıb
# 15 fevral 2010 10:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda 2009-2010-cu illərin payız-qış mövsümündə təbii qazdan zərəhlənmə ilə bağlı 128, qaz partlayışları ilə bağlı 9 hadisə baş verib. Bu barədə «APA-Economics»ə ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi (İB) təhlüksizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəis müavini Kamal Tarverdiyev məlumat verib.

K.Tarverdiyevin sözlərinə görə, baş vermiş hadisələr əvvəlki illə müqayisədə 27% artıb.

Dəm qazından baş vermiş 128 zəhərlənmə hadisəsi nəticəsində 12 nəfər dünyasını dəyişib, 118 nəfə isə müxtəlif müddətə iş qabiliyyətini itirib. Hadisələrin 100-dən çoxu Bakı şəhərində baş verib. Bu hadisələrdən 111-i çoxmərtəbəli binalarda, o cümlədən 94 hadisə hamam otağında, 17 hadisə isitmə sobalarından olub. Baş vermiş partlayışlarda 5 nəfər ölüb, 14 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

«Azəriqaz» nümayəndəsinin sözlərinə görə, hamam otaqlarında qazdan zəhərlənmələr əsasən yandırılan qazın buraxılması üçün tüstü bacasının olmaması, qazın tüstü borusunun yanlış olaraq hamamların ventilyasiya bacalarına birləşdirilməsi, həmçinin bəzi şəxslərin mənzilin layihəsini dəyişərək hamam otaqlarının ölçüsünü kiçiltməsi ilə bağlıdır. Nəticədə, hamamda qaz tam yana bilmir və xoşagəlməz hadisələr baş verir.

«Ümumiyyətlə, 1975-ci ildən sonra inşa olunmuş bina evlərində təbii qazdan istifadə üçün tüstü bacası nəzərdə tutulmayıb. Evlərin layihələrinə sonradan edilmiş dəyişikliklər də çox zaman insanların həyatı bahasına nəticələnir», - deyə K.Tanrıverdiyev vurğulayıb.

«Azəriqaz» rəsmisi həmçinin əlavə edib ki, hazırda yerlərdə qaz idarələrinin mütəxəssislərindən ibarət yaradılmış komissiyalar problemləri araşdırır və bununla bağlı müvafiq tədbirlər görür. Çox zaman vətəndaşların «Azəriqaz»ın əməkdaşlarına qapı açmaması, onları mənzildəki qaz qurğularına baxmağa qoymamaları faktları da mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR