Bank Of Baku

«Azəri-Çıraq-Günəşli» yataqlar blokundan neft hasilatı bu il 5% artırılacaq

«Azəri-Çıraq-Günəşli» yataqlar blokundan neft hasilatı bu il 5% artırılacaq
# 23 fevral 2010 14:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar bloku üzrə əməliyyat məsrəflərinə 587 mln. ABŞ dolları, əsaslı məsrəflərə isə 1,584 mlrd. dollar həcmində vəsaitin yatıralacağı gözlənilir. Bu barədə «APA-Economics»ə AÇG-nin əsas operatoru olan «BP-Azerbaijan» şirkətindən bildirilib.

Şirkətdən həmçinin qeyd olunub ki, 2009-cu il ərzində AÇG layihəsi çərçivəsində 659 mln. dollar əməliyyat məsrəflərinə və 1,51 mlrd. dollar əsaslı məsrəflərə xərclənib.

Hasilata gəldikdə isə, «BP-Azerbaijan» 2010-cu ildə AÇG-yə daxil olan 5 platformadan ümümilikdə orta hesabla gündəlik 854 min barel (il üzrə 42,1 mln. ton) neft hasil etmək niyyətindədir. Platformalar üzrə gündəlik hasilatın 90,9 min bareli «Çıraq», 184,2 min bareli «Mərkəzi Azəri», 285,7 min bareli «Qərbi Azəri», 158,1 min bareli «Şərqi Azəri» və 135,1 min bareli «Dərinsulu Günəşli» platformasının payına düşür.

«Ötən il ərzində biz «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından ümumilikdə gündə orta hesabla 817,7 min barel, il ərzində isə 298 mln. bareldən və yaxud 40,3 mln. tondan artıq neft hasil etmişik», - deyə şirkətdən bildirilib.

Göründüyü kimi, «BP-Azerbaijan» şirkəti bu il AÇG-dən neft hasilatını 4,5% artırmaq niyyətindədir.

Qeyd edək ki, AÇG layihəsinin Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları «BP-Azerbaijan» (operator – 34,1%), «Chevron» (10,2%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), «Inpex» (10%), «StatoilHydro» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR