Bank Of Baku

AİB-in energetika missiyası Azərbaycana gələcək

AİB-in energetika missiyası Azərbaycana gələcək
# 03 mart 2010 09:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) energetika missiyası Azərbaycana səfər edəcək.

Bankın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, martın 15-də AİB-in enerqetika üzrə mütəxəssisləri Tianxua Luo (Tianhua Luo) və Cunxo Hvanq (Joonho Hwang), həmçinin sosial inkişaf üzrə mütəxəssisi İndax Setiavati (Indah Setyawati) Azərbaycana səfər edəcək: «Səfər çərçivəsində Bankın nümayənədələri «Azərenerji» ASC-də bir sıra görüşlər keçirəcək, ölkədə AİB-in vəsaiti hesabına icra olunan enerji layihələrinin gedişi ilə tanış olacaqlar. Səfər martın 19-dək davam edəcək».

Xatırladaq ki, hazırda AİB Azərbaycanda «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi»ni (Power Transmission Enhancement Project) icra edir. Layihə 240 mln. ABŞ dolları məbləğində qiymətləndirilir ki, bunun 160 mln. dollarını AİB, 80 mln. dollarını isə «Azərenerji» ASC ayıracaq. Öz növbəsində ötən ilin sentyabr ayının əvvəlində AİB-in Direktorlar Şurası sözügedən layihə üçün 160 mln. dollar kreditin ayrılmasını təsdiqləyib. Belə ki, 25 il müddətinə ayrılan bu uzunmüddətli kredit iki dövriyyəli 220 kV-luq ötürücü xəttin və bu xəttin üzərində olan yarımstansiyaların qurulmasına sərf olunacaq. Nəticədə, «Azərenerji» ASC tərəfindən 60 ildən artıq istismar olunan mövcud iki xətt yenisi ilə əvəz ediləcək. İnfrastrukturun müasirləşdirilməsi Bakı yaxınlığındakı sənaye mərkəzi və ətraf ərazilərə elektrik enerjisinin ötürülməsində müşahidə olunan itkiləri azaltmağa və enerji təchizatının dayanıqlığına imkan verəcək.

Ümumilikdə, layihənin həyata keçirilməsi ölkənin elektrik enerjisi idxalına tələbatını azaldacaq, su elektrik resurslarını optimallaşdırmağa kömək edəcək və elektrik enerjisi istehsalında qənaət edilmiş təbii qaz və mazutu ixrac etməklə ölkəyə əlavə gəlir gətirəcək. Bu kredit ölkə hökumətinin enerji təhlükəsizliyini təmin etmək, enerji sektorunun inkişaf etdirilməsi və təkmilləşdirməsi üçün prioritet proqramların reallaşmasına dəstək verəcək və özəl sektora investisiyaları cəlb etməyə kömək edəcək.

Xatırladaq ki, layihənin hazırlanması üzrə konsaltinq xidmətlərini İsveçrənin «Entec» şirkəti göstərir. Konsaltinq xidmətlərinə AİB qrant şəklində 500 min dollar, Azərbaycan və Finlandiya hökumətlərinin hər biri isə 200 min dollar ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR