Bank Of Baku

«Gədəbəy» filiz yatağından çıxarılmış xammaldan 650 kq qızıl istehsal olunub

«Gədəbəy» filiz yatağından çıxarılmış xammaldan 650 kq qızıl istehsal olunub
# 22 aprel 2010 11:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA-Economics. Azərbaycanın Gədəbəy rayonunda yerləşən qızıl-mis emalı zavodunda bu günədək «Gədəbəy» filiz yatağından çıxarılmış xammaldan 650 kq-a yaxın qızıl istehsal olunub. APA-nın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev bildirib.

N.Quliyevin sözlərinə görə, qızıl Azərbaycanda müəyyən həddə qədər təmizlənəndən sonra emal üçün xaricə göndərilir. Nazir müavini hesab edir ki, Azərbaycanda qızıl istehsalı artdıqca, ayrıca emal zavodu da tikilə bilər.

N.Quliyev həmçinin əlavə edib ki, hazırda Naxçıvanın Ordubad rayonu ərazisində və Daşkəsən-Gədəbəy bölgəsində yeni perspektivli qızıl yataqlarının axtarışı gedir.

Xatırladaq ki, Azərbaycanın qərbində yerləşən «Gədəbəy» filiz yatağını Hasilatın Pay Bölgüsü Sazişinə əsasən yaradılmış Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ABMƏŞ) istismar edir. Yataqda qızıl istehsalına 2009-cu ilin iyul ayında başlanıb.

Qeyd edək ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-də, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki “Qızılbulaq” və Zəngilandakı “Vəcnəli” yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR