Bank Of Baku

Bakıda «Wartsila» şirkətinin texnologiyalarının təqdimatı keçirilib

Bakıda «Wartsila» şirkətinin texnologiyalarının təqdimatı keçirilib
# 09 iyun 2010 09:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Sənaye və Energetika Nazirliyində (SEN) Finlandiyanın «Wartsila» şirkətinin texnologiyalarının təqdimatı keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə şirkətin vitse-prezidenti Kristof Vitzsumun (Christoph Vitzhum) rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Təqdimata həmçinin Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Neft Şirkəti, «Azərenerji» ASC, Xəzər Gəmiçiliyi İdarəsi, «Azəristiliktəchizat» ASC, Bakı Metropoliteni və digər dövlət qurumlarının mütəxəssisləri qatılıblar.

Sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib ki, «Wartsila» şirkəti Azərbaycanda 10 ildən çoxdur fəaliyyət göstərir. Nazir müavinin sözlərinə görə, şirkət 2005-ci ildən 2010-cu ilə qədər Azərbaycan ərazisində ümumi gücü 880 MVt olan modul elektrik stansiyalarının tikilməsi və istismara verilməsi layihələrini uğurla başa çatdırıb: «Şirkət Azərbaycanda həyata keçirilən bir sıra yeni layihələrə maraq göstərir. «Wartsila» gəmi sənayesində də fəaliyyət göstərir və hazırda dünyada fəaliyyətdə olan hər 3 gəmidən biri «Wartsila»nın istehsalıdır».

«Wartsila»nın qrup vitse-prezidenti Kristof Vitzsum bildirib ki, təmsil etdiyi şirkət neft və qaz kompressor avadanlığı, gəmiqayırma, istilik sistemləri kimi sahələrdə böyük təcrübəyə malikdir. «Wartsila»nın avadanlıqları Bakı-Tiflis-Ceyhan əsas ixrac neft boru kəməri kimi layihələrin həyata keçirilməsində müsbət rol oynayıb.

Qeyd edək ki, hazırda Azərbaycanda «Wartsila»nın 880 MVt ümumi gücə malik yeddi elektrik stansiyası (Astara, Bakı, Xaçmaz, Naxçıvan, Şəki, Quba və Sənqəçal) fəaliyyət göstərir. Xatırladaq ki, «Wartsila» şirkətinin 70 ölkədə 160 törəmə şirkəti mövcuddur, şirkətin işçilərinin ümumi sayı 18 min nəfər, 2009-cu ildə xalis satışı isə 5,3 mlrd. avro təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR