Bank Of Baku

Azərbaycan qazını Türkiyə vasitəsilə Avropa bazarına çıxaracaq yeni kəmərin adı açıqlanıb

Azərbaycan qazını Türkiyə vasitəsilə Avropa bazarına çıxaracaq yeni kəmərin adı açıqlanıb
# 17 noyabr 2011 14:36 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Azərbaycan qazını Türkiyə vasitəsilə Avropa bazarına çıxaracaq yeni kəmərin adı açıqlanıb. “APA-Economics”in “Anadolu” agentliyinə istinadən xəbərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev yeni kəmərin Trans Anadolu qaz boru kəməri adlanacağını bəyan edib.

İstanbulda keçirilən 3-cü Qara dəniz Enerji və İqtisadi Forumunda çıxış edən R.Abdullayev Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin tikintisi ilə Azərbaycan və Türkiyənin bölgədəki rolunun artdığını bildirib.

Onun sözlərinə görə, iki ölkənin enerji ittifaqı “Cənub qaz dəhlizi” layihəsinin gerçəkləşməsi yolunda mühüm addımdır: “Yeni qaz kəməri iddialı, lakin alternativsiz bir layihədir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyətə malik olacaq”.

ARDNŞ prezidenti Trans Anadolu (Samsun-Ceyhan) qaz kəmərinin “Nabucco” layihəsinə heç bir təsir göstərməyəcəyini vurğulayıb: “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan qazın Avropaya “Nabucco”, ITGI və ya TAP layihəsi ilə nəql olunacağına dair qərar yaxın vaxtlarda qəbul ediləcək”.

Qeyd edək ki, Trans Anadolu (Samsun-Ceyhan) qaz kəmərinin illik ötürmə gücü ən azı 16 mlrd. kubmetr təşkil edəcək. Kəmər Türkiyənin şərq sərhədlərindən - Gürcüstanla sərhəddən Türkiyənin Bolqarıstan və ya Yunanıstanla sərhədinədək uzanacaq.

Enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Avropanın enerji təhlükəsizliyini artıracaq “Cənub qaz dəhlizi” layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. “Cənub dəhlizi” layihəsinə “Nabucco” qaz kəməri, Transadriatik qaz kəməri (TAP), “Ağ axın” və ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR