Bank Of Baku

Almaniyanın “RWE AG” şirkəti “Nabucco” layihəsində iştirakını yenidən nəzərdən keçirir

Almaniyanın “RWE AG” şirkəti “Nabucco” layihəsində iştirakını yenidən nəzərdən keçirir
# 14 may 2012 07:36 (UTC +04:00)
APA-Economics”in “Wirtschaftsblatt” (Avstriya) qəzetinə istinadən xəbərinə görə, bu barədə konsernin açıqlamasında bildirilir.

Açıqlamada bunun səbəbi kimi yeni qaz kəmərləri layihələrinin planlaşdırılması göstərilir: “Bununla əlaqədar gələcəkdə təkliflərimizin “Nabucco”da nəzərə alınıb-alınmayacağını yoxlayırıq”.

“RWE AG” hələlik layihədən çıxmaq barədə qəbul etmədiyini diqqətə çatdırıb: “Biz hələ də inanırıq ki, “Nabucco”nun ilkin layihəsi bütün tərəflər üçün ən yaxşı variantdır”.

Qeyd edək ki, aprel ayında Macarıstanın MOL şirkəti “Nabucco” konsorsiumundakı payını satmağa hazır olduğunu bəyan edib. Buna səbəb “layihə ətrafında aradan qaldırılması çətin olan qeyri-müəyyənliklərin mövcud olmasıdır”. “Spiegel”in yazdığına görə, məhz bundan sonra “RWE AG” şirkətinin rəhbərliyində layihənin məqsədəuyğunluğu ilə bağlı şübhələr yaranıb.

İran ətrafında yaranmış siyasi problemlər və bu ölkəyə qarşı sanksiyaların tətbiqi “Nabucco”nu alternativ enerji mənbələri axtarmağa vadar edir. Hazırda konsorsium “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın nəqli üçün Azərbaycanla razılaşma əldə etməyə çalışır.

Xatırladaq ki, “Nabucco” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2013-cü ildə başlanması planlaşdırılan “Nabucco” qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazının da daşınması nəzərdə tutulur. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 900 km olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR