Azərbaycan indiyədək mövcud neft-qaz infrastrukturu vasitəsilə Türkiyə və Türkiyə üzərindən beynəlxalq bazarlara ümumilikdə 561 milyon ton neft və 196 milyard kubmetr qaz tədarük edib.
“APA-Economics” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu müddətdə Türkiyəyə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunub, bunun 40 milyard kubmetri TANAP-ın payına düşüb.
“Təkcə bu ilin 8 ayında Türkiyəyə 6,2 milyard kubmetr, Türkiyə üzərindən Avropa ölkələrinə 7,5 milyard kubmetr, Suriyaya isə 1 milyard kubmetr Azərbaycan qazı tədarük edilib”, - Pərviz Şahbazov qeyd edib.
O əlavə edib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi layihələr Azərbaycan və Türkiyənin regional və qlobal enerji təhlükəsizliyində strateji rolunu gücləndirib.