Gürcüstanla birgə həyata keçirdiyimiz meqa enerji layihələri - BTC, Cənub Qaz Dəhlizi bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, enerji təchizatı marşrutlarının şaxələndirilməsində mühüm rol oynayır.
APA-nın yerli bürosu xəbər verir ki, Baş nazir Əli Əsədov Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan qazı artıq 16 ölkəyə ixrac olunur: “Elektroenergetika sahəsində əməkdaşlığımız uğurla inkişaf edir. İyul ayında Gürcüstanın enerji sistemində baş vermiş ciddi qəzadan sonra Gürcüstan tərəfinin müraciəti əsasında Azərbaycan operativ dəstək göstərib. Belə ki, elektrik enerjisi sistemləri arasında güc mübadiləsi əhəmiyyətli dərəcədə artırılıb və hazırda da bu səviyyədə davam etdirilir. “Yaşıl energetika” sahəsində əməkdaşlığımızın uğurlu nəticəsi olaraq bu gün ölkələrimiz Avropaya yaşıl enerji dəhlizini salmağa başlayıblar. Bu layihə də Avropanın enerji təhlükəsizliyi üçün mühüm faktor rolunu oynayacaq”.
Əli Əsədov qeyd edib ki, nəqliyyat-tranzit sahəsi əməkdaşlığın ən vacib istiqamətlərindən biridir: “Ölkələrimiz Orta Dəhlizin inkişafı naminə birgə səylərini davam etdirirlər. Orta Dəhlizin vacib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialı ilə istismara verilməsi və yükaşırma qabiliyyətinin 5 milyon tonadək artırılması uğurlu işbirliyimizin bariz nümunəsidir”.
Baş nazir əlavə edib ki, mədəni-humanitar sahə hər zaman olduğu kimi əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır: “Heydər Əliyev adına Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinin yaxın zamanda başlanacağına umidvarıq. Ölkələrimizdə yaşayan azərbaycanlı və gürcü icmaları münasibətlərimizin inkişafında xüsusi rol oynayırlar. Onların ana dilində təhsil imkanlarının təmin olunması və müvafiq məktəblərin fəaliyyəti xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir”.