Azərbaycan və Böyük Britaniya arasında razılaşdırılmış strateji tərəfdaşlıq enerji və liman infrastrukturu, investisiyalar və təhsil də daxil olmaqla geniş iqtisadi istiqamətləri əhatə edəcək.
“APA-Economics” xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Strateji tərəfdaşlıq sazişinin iqtisadi məzmunu barədə sualı cavablandıran nazir deyib:
“Buraya, əlbəttə, enerji infrastrukturu, liman infrastrukturu, investisiyalar, təhsil və digər istiqamətlər daxil olacaq. İmkanların həddi yoxdur”.
O əlavə edib ki, strateji tərəfdaşlığın mətni artıq razılaşdırılıb və tərəflər sənədin rəsmi imzalanmasını gözləmədən işçi qrupunun yaradılmasına başlayacaqlar.
Nazirin sözlərinə görə, yeni strateji tərəfdaşlıq ənənəvi enerji əməkdaşlığından kənara çıxaraq təhsil, rəqəmsal innovasiya və texnologiyalar, infrastruktur, Orta Dəhliz və müdafiə sənayesini də əhatə edəcək.