Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 39 mlrd ABŞ dollarını ötüb.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bununla Böyük Britaniya Azərbaycanın ən böyük xarici investoru mövqeyindədir.
Pərviz Şahbazov qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrində də əhəmiyyətli artım müşahidə olunur. Ötən il Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 67% artıb.
“Bu ilin ilk yarısında ticarət dövriyyəsi təxminən 6 dəfə artaraq 3,6 milyard ABŞ dollarına çatıb. Azərbaycanın Böyük Britaniyaya ixracı isə 24 dəfə artıb”, - nazir vurğulayıb.
O əlavə ki, qarşılıqlı etimad üzərində qurulan güclü siyasi və iqtisadi münasibətlər iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün möhkəm zəmin yaradıb. Tərəflərin əməkdaşlığı yeni səviyyəyə çıxarmaq üçün həm siyasi iradəyə, həm də əhəmiyyətli potensiala malik olduğunu deyib.
Nazir bildirib ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə formalaşan strateji enerji tərəfdaşlığı ikitərəfli münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Birgə həyata keçirilən irimiqyaslı neft-qaz layihələri, o cümlədən Cənub Qaz Dəhlizi regional və Avropanın enerji təhlükəsizliyinə töhfə verir.
Pərviz Şahbazov BP ilə əməkdaşlığın yeni layihələr hesabına davam etdiyini də qeyd edib. O, AÇG-də səmt qazının hasilatına başlanmasını, “Şahdəniz” Kompressiya layihəsini, “Şəfəq-Asiman”, “Qarabağ” və “Əşrəfi-Dan Ulduzu-Aypara” layihələrini, həmçinin Özbəkistanda birgə fəaliyyəti uzunmüddətli tərəfdaşlığın göstəriciləri kimi qiymətləndirib.
Nazirin sözlərinə görə, Azərbaycan-Böyük Britaniya əməkdaşlığı eyni zamanda yaşıl enerji və dekarbonizasiya sahələrini də əhatə edir. “Şəfəq” Günəş Elektrik Stansiyasının gələn il istismara verilməsi gözlənilir. Səngəçal terminalının təmiz enerji ilə təmin olunmaqla dekarbonizasiyası isə qlobal enerji keçidi baxımından nümunəvi layihələrdən biri kimi nəzərdə tutulur.