Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən “Balakhani Operating Company LTD”, “Surakhani Oil”, “Ramana Oil” və “Gulf Drilling Supply Fze” hasilat və qazma şirkətlərində çalışan 400-ə yaxın 1-ci və 2-ci Qarabağ müharibələrinin iştirakçıları və şəhid ailələrinin üzvləri 8 Noyabr- Zəfər Günü bayramını birlikdə qeyd ediblər.
"APA-Economics" xəbər verir ki, ADA Universitetində keçirilən “Alınyazısı Zəfər Olanlar” adlı təntənəli tədbirdə döyüş meydanında dastan yazan qəhrəmanlar, şanlı qələbəmizin qürurunu bu dəfə bilik və elmin məbədində paylaşıblar.
Bu günlərdə Vətən sevgisini cəbhədən əmək meydanına daşıyan qazilərin sevinc və təbəssümü tədbirdə izlədikləri “Ədibin Evi” və ASAN TV-nin birgə istehsalı olan “Zəfər Rəqsi” filminin yaratdığı kövrək duyğular, Habil Məmmədov və tələbələrinin ifa etdiyi “Qarabağ Şikəstəsi”nin coşqusuna qarışıb.
Onların bayramını təbrik etməyə gələn Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, ictimaiyyət tərəfindən sevilərək “Şuşa fatehi” adlandırılan Tehran Mənsimov vurğulayıb: “ Qeyd etdiyimiz Zəfərin əsasında Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən strategiyası və prinsipial mövqeyi dayanır. Onun ətrafında bir yumruq kimi birləşən ordu və bütün Azərbaycan xalqı düşməni dəf etdi. Şəhid valideynləri qarşısında baş əyərək, azad torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız uğrunda canlarını fəda edən qəhrəmanları heç zaman unutmayacağıq. Gələcək nəsillər daim qalib və müstəqil Azərbaycanla fəxr edəcək.”
Hasilat şirkətlərində çalışan veteranlar adından çıxış edən “Surakhani Oil” şirkətinin mexaniki Nicat Əhədov isə altı il əvvəlki döyüş meydanı xatirələrini bölüşüb və əlavə edib ki son altı ildə onun həyatında müsbət dəyişikliklər bir-birini əvəzləyir - ailə qurub, neftçi kimi təhsilini ADNSU-da davam etdirir: “Bizim o günlər verdiyimiz qurbanların hamısı bütöv, azad Vətənimizdə firavan günlər yaşamaq üçün idi.”
Bayram tədbirini yekunlaşdıran “Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev isə neftçilərə müraciətində onları Zəfərimizin təminatçılarından biri adlandırıb. O deyib: "Tarixi qələbəmizi qorumaq təkcə onu yaddaşlarda yaşatmaq deyil, azad edilmiş hər qarış torpağımızda genişmiqyaslı quruculuq işləri həyata keçirmək, viran qoyulmuş yurd yerlərimizi yenidən ayağa qaldırmaq deməkdir. Bu strateji hədəfə çatmaq üçün milli iqtisadiyyatımızın neft sənayesi günü-gündən güclənməli və hasilat potensialı artırılmalıdır. Qalibiyyətimizin dünəni qazilərimizin, şəhidlərimizin və şanlı ordumuzun şücaətidirsə, onun bu günü və sabahı həm də neftçilərimizin fədakar əməyindən asılıdır."
Tədbirin sonunda müharibə veteranları və şəhid ailələrinin üzvləri xatirə hədiyyələri ilə və mükafatlarla təltif ediliblər.
Neftçilərin ADA-dakı Zəfər Günü bayramına Sabunçu və Suraxanı rayonlarının icra hakimiyyətinin başçıları, Milli Məclisdəki nümayəndələri, YAP rayon təşkilatlarının üzvləri və SOCAR nümayəndələri də qatılıblar.